Bakı. Trend:
Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli
Sərəncamının icrası əlaqədar olaraq, Qida Təhlükəsizliyi Agentliyi
baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən
yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət
satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edir.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat
yayıb.
Bildirilib ki, ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür.
"Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir.
Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər.
Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür.
Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır.
Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara aydınlıq gətirərək Agentlik bəyan edir ki, vətəndaşlar müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar."