Bakı. Trend:
Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə TDT-nin mühüm nəticələrə nail olacağına əminəm.
Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.
"Bu ayın əvvəlində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının 12-ci sammiti keçirilib və Azərbaycan növbəti il üçün Təşkilata sədrliyi qəbul edib. Əminik ki, sədrliyimiz dövründə əməkdaşlığın daha da möhkəmləndirilməsi sayəsində mühüm nəticələr əldə olunacaq", - deyə o bildirib.
Nazir qeyd edib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsində dayanıqlı və rəqəmsal texnologiyaların inkişafı, eləcə də innovasiyaların iştirakçı ölkələrin sənaye strategiyalarına inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilib.
"Bu, türk dövlətlərinin iqtisadi inkişafının innovativ əsasını gücləndirmək baxımından mühüm addımdır", - deyə o əlavə edib.
