...

Qazaxıstan və Azərbaycanın enerji layihələrində metan tullantılarının səviyyəsi aşağıdır - "S&P Global"

İqtisadiyyat Materials 24 Oktyabr 2025 16:56 (UTC +04:00)
Qazaxıstan və Azərbaycanın enerji layihələrində metan tullantılarının səviyyəsi aşağıdır - "S&P Global"
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Aşqabad. Trend:

Qazaxıstan və Azərbaycanın ən iri neft-qaz yataqlarında metan emissiyalarının səviyyəsi aşağıdır və Norveçdəki göstəricilərlə müqayisə oluna bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu “S&P Global Commodity Insights” şirkətinin nümayəndəsi Yevgeniya Mayburova Aşqabadda keçirilən “Türkmənistanın Nefti və Qazı 2025” konfransında deyib.

Onun sözlərinə görə, aparılan təhlil Qazaxıstanda Qaşaqan, Qaraçaqanak və Tengiz kimi ən iri yataqların və Azərbaycanda Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqlarını ehtiva edib.

“Həmin yataqlarda metan intensivliyi yüksək sayılmır və Norveçdəki obyektlərdə müşahidə olunan göstəricilərə yaxındır. Lakin vacib olan odur ki, emissiyaların necə hesablandığını anlamaq lazımdır - birbaşa ölçmələr və peyk monitorinqini nəzərdə tutan 4–5-ci səviyyəli standartlar emissiyaların uçotu üzrə "qızıl standart" hesab olunur”, – deyə Mayburova vurğulayıb.

O qeyd edib ki, son illərdə regionda emissiyaların intensivliyinin azalması üzrə sabit tendensiya müşahidə olunur ki, bu da avadanlıqların modernləşdirilməsi və qazın utilizasiyası texnologiyalarının tətbiqi ilə əlaqədardır.

“Məsələn, Tengiz yatağında operator hasilatın artmasına baxmayaraq, müşayiət edən qazın yandırılması həcmini 22 dəfə – 2,7 milyard kubmetrdən 200 milyon kubmetrdən də az həcmə endirməyə nail olub. Oxşar nəticələr Azərbaycan layihələri – Şahdəniz və Azəri-Çıraq-Günəşli üzrə də müşahidə olunur, burada son illərdə məşəl yandırma intensivliyi səkkiz dəfə azalıb”, - deyə “S&P Global” nümayəndəsi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti