Bakı. Trend:
Son günlər dövlət büdcəsinin 2026-cı il layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə azalması cəmiyyətdə müəyyən suallar və narahatlıqlar doğurub. Gəlin bu məsələyə yalnız rəqəmlərlə deyil, prosesin iqtisadi və sistem baxımından məntiqi ilə yanaşaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, bu azalma səhiyyəyə ayrılan ümumi vəsaitin azalması demək deyil. Əksinə, 2026-cı il üçün səhiyyə sahəsinə ayrılan ümumi dövlət büdcəsi 2 milyard manatı ötüb, yəni təxminən 3 faizlik artım nəzərdə tutulur.
“İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin bir qədər azalması sistemin zəifləməsi deyil, onun maliyyə müstəqilliyinə keçid mərhələsi deməkdir. Bu, planlı bir keçiddir. Çünki sığorta mexanizmi artıq yalnız dövlətin deyil, işəgötürənlərin və iqtisadi aktiv vətəndaşların ödədiyi haqlar hesabına formalaşan bir sistemə çevrilməkdədir. Dünyanın heç bir yerində tibbi sığorta tam şəkildə dövlət büdcəsi hesabına uzunmüddətli davamlı ola bilməz. İndi məqsəd, fondun öz daxilolmaları hesabına daha dayanıqlı və çevik şəkildə fəaliyyət göstərməsidir.
Bu dəyişiklik vətəndaş üçün əlavə maliyyə yükü yaratmır. Əksinə, məqsəd tibbi xidmətlərin keyfiyyətini, şəffaflığını və bərabər əlçatanlığını artırmaqdır. Fondun maliyyə bazası genişləndikcə bu xidmətlərin sayı da artır.
Dördüncü vacib məsələ – ictimai müzakirələrdə tez-tez səslənən
sual:
“İşsiz və ya qeyri-formal çalışan vətəndaş sığortadan necə
yararlanacaq”? Burada prinsip çox aydındır. Aztəminatlı və işsiz
şəxslərin tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır. Eyni
zamanda, məqsəd əmək bazarını leqallaşdırmaqdır. Yəni hər bir
işləyən şəxs rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial,
həm də tibbi təminat hüquqlarını təmin edir”, - deyə deputat
fikrini tamamlayıb.
