Bakı. Trend:
Oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı, tərəflər ölkəmizin TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları müzakirə ediblər.
Nazir Ceyhun Bayramov təşkilatımız çərçivəsində dostluq,
qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas
prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması
istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan
addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini,
təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi
statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib
olduğunu vurğulayıb.
Tərəflər ötən il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammit
zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə bu il Qəbələdə
keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat
çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər.
Baş katib ölkəmiz tərəfindən təşkil edilmiş tədbirlərin uğurlu
təşkilinə görə təbriklərini çatdırıb.
Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərin icra edilməsi istiqamətində addımlar nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
