Bakı. Trend:
Gürcüstan və Rumıniyanın enerji tənzimləməsi üzrə komissiyaları Qara dəniz sualtı elektrik kabeli layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Milli Enerji və Su Təchizatı Komissiyasının rəhbəri David Narmania məlumat verib.
“Rumıniyalı həmkarımla bu məsələ ilə bağlı görüş keçirdik və memorandum imzaladıq. Sənəddə komissiyaların bu layihə çərçivəsində birgə tənzimləmə istiqamətində əməkdaşlığı nəzərdə tutulur”, – deyə Narmania bildirib.
O, sualtı kabelin çəkilişini gələcəyi olan və strateji əhəmiyyət daşıyan layihə kimi qiymətləndirib. Narmanianın sözlərinə görə, texniki-iqtisadi əsaslandırma artıq başa çatıb və hazırda Qara dəniz şelfinin ətraflı tədqiqatı aparılır.
Qeyd edək ki, təxminən 1200 kilometrlik kabel xəttinin çəkilməsi haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya liderləri tərəfindən imzalanıb. Layihə çərçivəsində həm elektrik enerjisi ötürülməsi, həm də rəqəmsal məlumat mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.
