Bakı. Trend:
Vesteros şəhərində keçirilən “Mötədillər” Partiyasının qurultayında İsveçin maliyyə naziri Elizabet Svantesson ölkədə əmək vergilərinin səviyyəsini yüksək qiymətləndirərək, onların azaldılmasının vacibliyini bildirib.
Trend xəbər verir ki, nazir çıxışı zamanı hökumətin gəlir vergisi sistemini sadələşdirməyi, eləcə də əmək, təhsil və sahibkarlığı daha cəlbedici etməyi planlaşdırdığını qeyd edib.
Təqdim olunan yeni iqtisadi proqram əmək vergilərinin hesablanması üçün yeni prinsiplərin tətbiqini, mövcud sistemin dəyişdirilməsini və dövlət gəlir vergisi ödəyən vətəndaşların sayının azaldılmasını nəzərdə tutur.
Maliyyə bazarları naziri Niklas Vikman bu təşəbbüsü 1990-cı illərdən bəri ən böyük vergi islahatı adlandıraraq, onun sistemin daha sadə və ədalətli olmasına xidmət edəcəyini vurğulayıb.
Hökumət artıq on milyardlarla kron həcmində vergi endirimi həyata keçirib. Lakin E. Svantessonun sözlərinə görə, bu hələ kifayət deyil:
“Yuxarı vergi dərəcələri hələ də 50 faizi keçir və bu ədalətsizdir,” – deyə o bildirib.
Nazir əlavə edib ki, dövlət ehtiyacdan artıq vergi toplamamalıdır və İsveç iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq məqsədilə korporativ vergilərin də əlavə endirilməsinə çalışır.
