Bakı. Trend:
Sudanda baş verən daşqınlar və artıq mövcud humanitar böhran nəticəsində təxminən 9,3 milyon insan yardıma ehtiyac halındadır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudan üzrə humanitar yardım koordinatoru Anita Kiki Qbeho bildirib.
O vurğulayıb ki, 6 bölgə daşqınlardan ciddi şəkildə zərər görüb, zərər çəkən insanların sayı 960 minə yaxındır.
"Daşqınlardan zərər görən insanların 92%-dən çoxu Conglei və Unity bölgələrindədir. 143 səhiyyə müəssisəsi ziyan görüb, bunlardan 44-ü tamamilə su altında qalıb. Leer bölgəsində təxminən 63 min insan daşqınlardan təsirlənib, 23 min nəfər məcburi köçkünlər sırasına qoşulub".
Qbeho əlavə edib ki, Cənubi Sudandakı iqtisadi böhran, yüksək inflyasiya (təxminən 100 %), azalan neft gəlirləri və siyasi gərginliklər vəziyyəti daha da ağırlaşdırıb. Əhalinin təxminən 92 %-i yoxsulluq səviyyəsinin altında yaşayır.