Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarə əməliyyatlarının həcmi 624 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 51,7 milyon ABŞ dolları və ya 9 faiz çoxdur.
Bu il Azərbaycandan Gürcüstana ümumilikdə 495,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 2 faiz çoxdur.
Eyni zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana ümumilikdə 128,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisə olunduqda 42,8 milyon dollar və ya 49,9 faiz çoxdur.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606 milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,248 milyard dollar (yaxud 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard dollar (yaxud 14,5 faiz) artıb. Nəticədə xarici ticarət əməliyyatlarında 1,837 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 3,374 milyard dollar və ya 2,8 dəfə azdır.
