Bakı. Trend:
Bu ilin yanvar–avqust aylarında Azərbaycandan Yunanıstana 318,9 milyon ABŞ dolları dəyərində 599,2 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 63,2 milyon dollar və ya 24,7% artıb, həcm baxımından isə 31,4 milyon kubmetr və ya 5% azalıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–avqust aylarında Azərbaycandan Yunanıstana 630,7 milyon kubmetr təbii qaz ixrac olunmuşdu, bu ixracın ümumi dəyəri 255,6 milyon ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar–avqust aylarında Azərbaycandan xaricə ümumilikdə 6 milyard ABŞ dolları dəyərində 16,5 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 541,2 milyon ABŞ dolları və ya 9,9%, həcm baxımından isə 625,9 milyon kubmetr və ya 3,9% çoxdur.
Eyni zamanda bu ilin ilk 8 ayında Azərbaycana 36,3 milyon ABŞ dolları dəyərində 233,3 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 234,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.
