...

Finlandiya, İsveç və Norveç müdafiə nazirləri Helsinkidə danışıqlar aparacaqlar

Dünya xəbərləri Materials 25 Avqust 2022 04:02 (UTC +04:00)
Finlandiya, İsveç və Norveç müdafiə nazirləri Helsinkidə danışıqlar aparacaqlar

Bakı. Trend:

Finlandiya, İsveç və Norveçin müdafiə nazirləri bu gün Helsinkidə təhlükəsizlik sahəsində əməkdaşlıq və iki Şimali Avropa ölkəsinin NATO-ya qoşulması prosesini müzakirə etmək üçün görüşəcəklər.

Trend xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyindən bildirilib.

Finlandiyanın müdafiə naziri Antti Kaykkonen norveçli həmkarı Byorn Arild Qram ilə ikitərəfli görüş keçirəcək. Nazirlər Finlandiya tərəfindən F-35 qırıcı təyyarələrinin alınmasını, həmçinin logistika və sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Kaykkonenin İsveçin müdafiə naziri Peter Hultkvist ilə görüşü iki ölkənin Şimali Atlantika Alyansına qoşulması prosesinə həsr olunacaq. Üçtərəfli görüş zamanı nazirlər “təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələri, Skandinaviya əməkdaşlığının gələcəyini, həmçinin qonşu regionlarda təhlükəsizlik vəziyyətini” müzakirə edəcəklər.

"İsveç və Norveç bizim üçün çox yaxın tərəfdaşlardır və onlarla təhlükəsizlik şərtlərimizdəki dəyişiklikləri müzakirə etmək təbiidir. Finlandiya və İsveçin NATO-ya gələcək qoşulması Şimali Avropa ölkələri arasında münasibətlərin dərinləşməsi üçün yeni imkanlar açır. Bu çətin dövrlərdə bir yerdə olmağımız çox vacibdir, çünki bu, Şimali Avropada sabitliyi gücləndirir", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti