Bakı. Trend:
12 il Roma-Katolik Kilsəsinə başçılıq etmiş 88 yaşlı pontifik Fransiskin ölümü ilə yeni Roma papasının seçilməsi ilə bağlı uzun tarixi olan proses işə düşüb.
Trend bu prosesin təfərrüatına nəzər salıb.
Roma papası kimdir və hansı vəzifələri yerinə yetirir?
Papa Katolik Kilsəsinin başçısıdır. Roma katolikləri inanırlar ki, o, birbaşa İsa Məsihə qədər uzanan mənəvi xəttin davamçısıdır. Papa İsanın ilk şagirdləri olan Həvarilər arasında başlıca fiqur sayılan Müqəddəs Pyotrun sağ qalan varisi hesab olunur.
Bu, ona bütün Katolik Kilsəsi üzərində tam və maneəsiz səlahiyyət verir. O, təxminən 1.4 milyard katolik üçün ali dini lider sayılır. Qeyd edək ki, dünyada yaşayan xristianların təxminən yarısı katolikdir.
Roma papası vəfat etdikdə nə baş verir?
Ənənəvi olaraq, papaların dəfn mərasimi çox təntənəli şəkildə keçirilirdi, lakin mərhum Papa Fransisk şəxsən özü bu prosedurun daha sadə və təvazökar formada aparılmasına dair sərəncam vermişdi. Əvvəlki papalar üçqat tabutda – ardıcıl olaraq sərv, qurğuşun və palıd ağacından hazırlanmış qutularda dəfn olunurdular. Lakin Papa Fransisk daxili hissəsi sinklə örtülmüş sadə taxta tabut seçib.
O, həmçinin, Papanın cəsədinin ictimai baxış üçün Müqəddəs Pyotr Bazilikasında qaldırılmış platforma – katafalk üzərində nümayişi ənənəsindən imtina edib.Bunun əvəzinə, insanlar vidalaşmaq üçün dəvət olunacaq, lakin Papa cəsədi artıq tabutun içində olacaq və yalnız qapağı açıq şəkildə sərgilənəcək.
Yeni Papa kim tərəfindən seçilir?
Yeni Papanın seçilməsi Katolik Kilsəsinin ən yüksək rütbəli nümayəndələri – Kardinallar Kolleci tərəfindən həyata keçirilir. Hamısı kişi olan bu şəxslər birbaşa Papa tərəfindən təyin olunurlar. Onlar, adətən, yepiskop vəzifəsinə təyin edilmiş ruhanilərdir. Hazırda dünya üzrə 252 katolik kardinal var, onlardan 138-i yeni Papanın seçilməsində səsvermə hüququna malikdir. Digərləri 80 yaşdan yuxarı olduqları üçün seçkidə iştirak edə bilməzlər, lakin müzakirələrdə və namizədin müəyyənləşdirilməsi prosesində iştirak edə bilərlər.
Papa necə seçilir və konklav nədir?
Papa vəfat etdikdə kardinalar Vatikanda iclasa çağırılır və ardınca seçki — konklav — keçirilir. Papa vəfatı ilə onu əvəz edəcək şəxsin seçilməsi arasındakı müddətdə Katolik Kilsəsinə Kardinal Kolleci rəhbərlik edir. Səsvermə hər kəsə qapalı şəkildə keçirilir. Kardinalar istədikləri namizədə səs verir və qalib müəyyən edilənə qədər bu proses bir neçə gün davam edə bilər.
Keçmiş əsrlərdə səsvermə hətta həftələrlə, aylarla uzanıb, bəzən konklav zamanı kardinallar dünyasını dəyişib. Seçkinin necə getdiyinə dair yeganə nişan gündə iki dəfə kardinalların səsvermə vərəqələrinin yandırılmasından qalxan tüstüdür: qara tüstü uğursuzluğu, ağ tüstü isə yeni Papanın seçildiyini bildirir.
Mənbə: BBC