Türkmənistan, Aşqabad, 30 mart / Trend , müxbir H.Həsənov /
"Bu gün Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovla görüşü nəzərdə tutulmuş Bolqarıstan XİN-in başçısı, Nazirlər Kabinetinin sədr müavini İvaylo Kalfin əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Aşqabada gəlir", - Türkmənistanın rəsmi mənbəyindən məlumat verilib.
Onun sözlərinə görə, söhbət Bolqarıstan prezidenti Georgi Pırvanovun 2008-ci ilin dekabrında Türkmənistan payataxtına etdiyi səfərin gedişində əldə olunan razılıqların həyata keçirilməsindən gedəcək.
Türkmənistan və Bolqarıstan hökuməti dekabrda "Enerji sahəsində həmrəylik və əməkdaşlıq haqda memorandum", "İqtisadi əməkdaşlıq haqda razılaşma", "Ticarət-sənaye palataları arasında əməkdaşlıq haqda müqavilə" imzalayıblar. Bundan başqa, enerji, nəqliyyat, tikinti, rabitə və turizm sahələrində gələcək tərəfdaşlıq üzrə hökümətlərarası komissiya yaradılıb.
Türkmənistan həmçinin Xəzərin türkmən sektorunun işlənməsində bolqar şirkətlərin iştirakına dair marağını da bildirib. Bolqar tərəfdaşlar Şimal-Cənub dəmir yolu dəhlizinin salınmasında iştiraka dəvət alıblar.
Əsas diqqət türkmən qazının tədarükü məsələlərinə ayrılıb. Aşqabad Sofiyanın iki milyard kubmetr təbii yanacaq alınması sorğusunu yerinə yetirməyə söz verib. Səfər zamanı Pırvanov deyib ki, tədarüklər Rusiya tədarükünün Avropa bazarındakı dominantlığını azaltmağa və Xəzər regionundan qaz tədarükünə hesablanmış "Nabukko" layihəsinin realizəsinə qədər, hazırkı qaz şəbəkəsi ilə həyata keçiriləcək. Bununla yanaşı, Pırvanov hələ sovet dönəmindən Rusiyanın "Qazprom" ASC tərəfindən idarə olunan "Orta Asiya-Mərkəz" qaz nəqli magistralı, yoxsa başqa xətti nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Məlum olduğu kimi, Türkmənistan Bolqarıstana tranziti həyata keçirə biləcək Türkiyə ilə həmsərhəd İrana kiçik həcmdə yanacaq tədarük edir. Rəsmi Aşqabad həmişə vurğulayıb ki, öz xammalının yalnız öz sərhədlərinə tədarükünə təminat verir, tranzitin sonrakı sxemi isə kommunikasiya sahibləri arasında razılaşdırılmalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]