Bakı. Trend:
Azərbaycan Karate Federasiyasının (AKF) ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
Trend xəbər verir ki, yarışda 35-dən çox klub və nümayəndəlikdən 300-ə yaxın idmançı iştirak edib. İdmançılar 48 dəst medal uğrunda mübarizə aparıblar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AKF-in ənənəvi karate üslubu üzrə rəhbəri, professor Əhməd Əfəndi yarışların ölkəmizdə idmanın inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi xidmətləri qeyd edərək, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib. Əhməd Əfəndi Azərbaycanın idman ölkəsi kimi bir çox uğurlu yarışlara ev sahibliyi etdiyini diqqətə çatdırıb.
AKF-in vitse-prezidenti Rəhman Hətəmov da yarışların gənc nəslin fiziki və mənəvi inkişafında vacib rol oynadığını vurğulayıb. O, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin inkişafına göstərdiyi dəstəyin əldə olunan uğurların əsasını təşkil etdiyini qeyd edib.
Yarışın açılış mərasimində dövlət xadimləri, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak ediblər.
Qaliblər Azərbaycan Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif olunublar. Mükafatlar AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov, baş katib Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və professor Əhməd Əfəndi tərəfindən təqdim edilib.
İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandaya daxil edilərək, 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatlarında Azərbaycanı təmsil edəcəklər.
Komanda hesabında medalların sayına görə, Fudokan birinci yeri, Qarabağ Karate Klubu ikinci yeri, FHN - İdman Sağlamlıq Mərkəzi isə üçüncü yeri tutub.