...

Almaniyanın Suriyaya maliyyə yardımının həcmi açıqlandı

Dünya xəbərləri Materials 31 Dekabr 2024 08:50 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Suriyada humanitar vəziyyətin yaxşılaşdırılması üçün 60 milyon avroluq maliyyə yardımı ayırıb.

Trend xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb.

İqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şultse 14 illik müharibə nəticəsində humanitar vəziyyətin fəlakət həddinə çatdığı və əhalisinin 90 faizi yoxsulluq səviyyəsində olan ölkənin xarici yardımlara ehtiyac duyduğunu qeyd edib.

Nazirliyin məlumatında qeyd edilib ki, yardım BMT-nin müvafiq qurumları və QHT-lər vasitəsilə Suriyaya çatdırılacaq. Belə ki, yardımın 25 milyon avrosu məktəblərin bərpası və inşası üçün UNESCO-ya, 19 milyon avroluq hissəsi müharibə nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan şəxslər üçün dağıntıların təmizlənməsi, günəş enerjisi sistemlərinin qurulması və digər qısamüddətli iş imkanlarının yaradılması məqsədilə BMT-nin İnkişaf Proqramına veriləcək. Həmçinin uşaqların psixoloji sağlamlığı ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün 6 milyon, Suriyada vətəndaş cəmiyyətinin inkişafına 7 milyon, qadın təşkilatlarının fəaliyyətinin gücləndirilməsi məqsədilə 3 milyon avro nəzərdə tutulub.

Məlumatda bildirilib ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin 2024-cü ildə Suriya ilə bağlı götürdüyü 132 milyon avroluq yardım öhdəliyinin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti