Bakı. Trend:
2024-cü il ərzində ölkə taekvondoçuları beynəlxalq yarışlarda ümumilikdə 104 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, bu medalların 27-si qızıl, 25-i gümüş və 52-si bürünc olub.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə taekvondoçularımız 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanaraq ümumilikdə 11 medala sahib çıxıblar.
2024-cü ilin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub. Eyni zamanda, parataekvondo üzrə təmsilçilərimiz İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növü üzrə ilk medallarını qazandırıblar.
Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında parataekvondo üzrə ilk qızıl medala sahib çıxıb. Sabir Zeynalov (58 kq) isə Paris-2024-də fəxri kürsünün üçüncü pilləsində yer alıb.