Bakı. Trend:
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyduğu məqsədləri uğurla icra edir, yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir və insanlarımız öz doğma yurdlarına geri dönürlər.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçvəsində 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılır.
“Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. Vətən müharibəsindən sonra qarşıda duran ən ümdə məsələrdən biri işğaldan azad edilmiş torpaqlara “Böyük qayıdışa” start vermək idi. Əlbəttə bunun üçün xeyli işlər görmək lazım idi. İlk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vacib idi. Cənab Prezident İlham Əliyev bu məsələdə qətiyyətli mövqe ortaya qoydu və bu işlərin sürətli şəkildə həyata keçirilməsi üçün lazımi tapşırıqlar verdi.
Nəticədə, Azərbaycan Vətən müharibəsindən dərhal sonra bu işlərə başladı və ərazilər minalardan təmizləndikcə yendənqurma və bərpa işlərinə start verildi. Vətən müharibəsində qələbədən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılıb və bu işlər bu gün də sürətlə davam etməkdədir.
Çox sevindirici haldır ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və 2025-ci ildə daha çox insanımızın geri dönməsi nəzərdə tutulur. Geri dönən insanlarımız üçün layiqli həyat şəraiti təmin edilir.
2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına və bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb. Dövlət büdcəsində azad edilmiş ərazilərin yenidən qurulması və bərpası prioritet istiqamətlərdən birini təşkil edir”, - deyə deputat əlavə edib.
A.Həsənova bildirib ki, Azərbaycan bu qədər böyükmiqyaslı tədbirləri öz gücünə, kənardan heç bir dəstək almadan həyata keçirir.
“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində inkişaf edən dayanıqlı iqtisadi inkişaf Azərbaycana öz ərazilərini kimdənsə kömək almadan bərpa etmək imkanı verir. Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqların çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır”, - deyə deputat əlavə edib.
Deputat əlavə edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı yalnız tikinti və quruculuq ilə məhdudlaşmır, eyni zamanda dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin, məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədləri əhatə edir.