Bakı. Trend:
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2024-cü ili böyük uğurlarla tamamlayıb.
Trend xəbər verir ki, agentlik bu il beynəlxalq standartlara uyğun şəkildə, qabaqcıl təcrübələr və müasir innovativ üsullarla ölkədə dopinq nəzarətini həyata keçirib, mühüm irəliləyişlərə imza atıb.
Olimpiya ilinə iki beynəlxalq elmi-praktik konfransla start verən AMADA, hesabat dövrünə strateji hədəflərə yönəlmiş digər beynəlxalq konfransla yekun vurub. Dopinqin idman aləmində yaratdığı təhlükələrin qarşısını almaq, idmançıların sağlamlığını qorumaq və onların hüquqlarını təmin etmək AMADA-nın əsas prioritet istiqamətləri olub.
2024-cü ildə AMADA tərəfindən 1300 antidopinq testi keçirilib. Testlər 30 idman növü və 56 yarımnövü əhatə edib, 52 milli yarışda testlər aparılıb və 6 beynəlxalq yarışda nümunə toplama AMADA-ya həvalə edilib. Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə, 1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.
AMADA-nın Nəticələrin Emalı və Təhqiqat Şöbəsi cari ildə 8 idmançı barəsində müxtəlif antidopinq qayda pozuntuları ilə bağlı icraat başlatıb. Bu pozuntulardan 4-ü qadağan edilmiş maddə və ya üsuldan istifadə, 2-si nümunədə qadağan olunmuş maddə və ya onun metabolitlərinin mövcudluğu, 1-i nümunə toplamağı imtina etmə, 1-i isə dopinq nəzarətinin hər hansı hissəsinin saxtalaşdırılması ilə bağlı olub.
Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bu pozuntular boks, taekvondo, ağırlıqqaldırma, pauerliftinq, cüdo, güləş, atletika və kikboksinq kimi idman növlərində aşkar edilib.
2024-cü ildə AMADA, 3074 şəxsi əhatə edən 59 maarifləndirmə seminarı, 9 vebinar, 7 kütləvi təbliğat tədbiri və 4 digər tədbir keçirib. Həmçinin, “Ədalətli İdman Həftəsi” təşkil olunub və müxtəlif məlumatlandırıcı postlar, videoçarxlar və müsabiqələr təşkil edilib.
AMADA həmçinin, Türkiyə və Almaniya milli antidopinq təşkilatları, Azərbaycan Boks Federasiyası, Azərbaycan Güləş Federasiyası və Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq müqavilələri və memorandumları imzalayıb.