Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.
Trend müraciəti təqdim edir:
"Əziz hərəkət iştirakçıları!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.
Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin.
Bayramınız təhlükəsiz olsun!"