Bakı. Trend:
Puerto Rikoda baş verən qəza səbəbindən ölkənin bütün elektrik stansiyaları sıradan çıxıb, nəticədə ümumi elektrik kəsilməsi yaşanıb.
Trend xəbər verir ki, bu hadisə bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verib.
Yerli "El Nuevo Día" qəzetinin məlumatına görə, qəza adanın cənubunda yerləşən Quayanilla bələdiyyəsindəki elektrik stansiyasında baş verib. Luma Energy şirkəti yeraltı kabellərin mümkün zədələnməsi barədə məlumat versə də, qəzanın dəqiq səbəbləri hələlik açıqlanmayıb.
Enerji istehsal edən “Genera PR” şirkətinin nümayəndəsi İvan Beys bildirib ki, çərşənbə axşamı səhər saatlarından etibarən bəzi ərazilərdə enerji təchizatı bərpa olunmağa başlayıb. Lakin Luma Energy prosesin tamamilə başa çatmasının bir neçə gün çəkəcəyini gözləyir.
Son məlumata görə, çərşənbə axşamı səhər saatlarında (Bakı vaxtı ilə 17:25) Puerto-Rikoda 1,3 milyondan çox istehlakçı işıqsız qalıb. Adanın ümumi əhalisi isə 3,2 milyon nəfərdən bir qədər çoxdur.