Bakı. Trend:
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə ABŞ-nin “Times” meydanında aksiya keçirilib
Trend xəbər verir ki, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.
Meydanın mərkəzində yerləşən led ekranların birində Azərbaycan bayrağının, tarix və mədəniyyətimizin, milli atributlarımızın, eləcə də Azərbaycan xəritəsinin yer aldığı videoçarx nümayiş olunub.
AAYF-nin üzvləri olan, ABŞ-də təhsil alan azərbaycanlı gənclər aksiya barəsində meydanı ziyarət edən turistləri və yerli sakinləri məlumatlandırıblar. Aksiya gün ərzində davam edəcək.
Qeyd edək ABŞ-dəki Azərbaycan icması hər il bu cür fəallıq göstərərək ölkənin müxtəlif ştatlarında və iri şəhərlərin böyük meydanlarında ölkəmizlə bağlı kütləvi tədbirlər təşkil edir, yerli ictimaiyyəti məlumatlandırırlar.