Bakı. Trend:
Almaniya, 2024-cü ildə elektrik enerjisi idxalını 2019-cu ilə nisbətən iki dəfə artırıb. Bu barədə “Bild” qəzeti məlumat verib.
Trend nəşrə istinadən xəbər verir ki, Almaniya rəqabətqabiliyyətli qiymətlərlə az elektrik enerjisi istehsal edir və buna görə də qonşu ölkələrdən, xüsusən Fransa, İsveçrə, Danimarka, Hollandiya və Belçikadan elektrik enerjisi təchizatı Almaniya bazarı üçün getdikcə daha vacib olub. Bu il Almaniya təxminən 77 min GVt/saat elektrik enerjisi idxal edib, lakin xaricə yalnız 48,2 min GVt/saat elektrik enerjisi ixrac edib.
İqtisadçı Manuel Frondel qəzetə bildirib ki, “Almaniya tez-tez gecələr xaricdən elektrik enerjisi idxal etməli olur, çünki təxminən 100 GVt fotovoltaik güc bizim elektrik təchizatımıza heç bir töhfə verə bilməz”.
Bild qəzeti əlavə edib ki, 2023-cü ilin aprelində Almaniyanın sonuncu nüvə reaktorunun dayandırılmasından sonra elektrik enerjisi bazarında vəziyyət kəskin şəkildə dəyişib. Əvvəl ölkədə sərfəli qiymətlərlə kifayət qədər elektrik enerjisi istehsal olunurdu və bu, xaricdə də tələbat yaradırdı. Lakin indi elektrik enerjisini başqa ölkələrdən almaq daha sərfəli olub.