...

Türk Dövlətləri Təşkilatının baş katibi “2024 Dünya Turizm Lideri” mükafatına layiq görülüb

Siyasət Materials 31 Dekabr 2024 19:50 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatının  baş katibi “2024 Dünya Turizm Lideri” mükafatına layiq görülüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev, Brüsseldə keçirilən Qlobal Turizm Forumunun illik toplantısında “2024 Dünya Turizm Lideri” mükafatına layiq görülüb.

Trend-in TDT-yə istinadən verdiyi məlumata görə, bu nüfuzlu mükafat qlobal turizm sənayesinə əhəmiyyətli və davamlı töhfələr vermiş şəxslərə təqdim edilir. Kubanıçbek Ömüralıyevin bu mükafata layiq görülməsi onun turizm sahəsindəki fəal rolunu və türk dövlətlərinin birgə səylərinin əhəmiyyətini vurğulayır.

TDT-yə üzv dövlətlər beynəlxalq miqyasda davamlı, inklüziv və mədəni baxımdan zəngin turizm təcrübələrinin yaradılması məqsədilə mühüm irəliləyişlər əldə ediblər. “Türk İpək Yolu” layihəsi bu əməkdaşlığın simvolu olaraq, səyahətçilərə türk dünyasının zəngin mədəni və tarixi irsini təqdim edən rəqəmsal platforma vasitəsilə xidmət göstərir. Bununla yanaşı, “Tabarruk Ziyarat” layihəsi türk dövlətlərindəki müqəddəs məkanlara ziyarətləri təşviq edir.

Digər bir önəmli təşəbbüs “Türk Dünyası Turizm Paytaxtı” proqramıdır. Bu proqram çərçivəsində hər il bir üzv şəhər mədəni tədbirlərə, festivallara və konfranslara ev sahibliyi edir. Kokand (2022), Şamaxı (2023) və Türküstan (2024) bu proqramın turizm paytaxtları olublar. 2025-ci il üçün isə Qırğızıstanın Cəlal-Abad şəhəri seçilib.

Kubanıçbek Ömüralıyevin rəhbərliyi dövründə irəli sürülən digər əsas təşəbbüslər sırasında 1000-dən çox turizm mütəxəssisi üçün peşə hazırlığı proqramları, xidmət keyfiyyətinin artırılması üçün seminarlar və davamlı turizm təcrübələrini təşviq edən ekoturizm layihələri yer alır.

Xəbər lenti

Xəbər lenti