Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində məzunlarla keçirilən görüş universitetin tarixində əlamətdar hadisə ilə yadda qalıb – Məzun Assosiasiyasının yaradılması qərara alınıb.
Universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirak etdiyi görüşdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər – AzMİU-nun fəxri məzunları da yer alıb.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən rektor professor Gülçöhrə Məmmədova Məzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Bu Assosiasiyanın məzunların universitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrlə öz təcrübələrini bölüşmək, elmi-tədqiqat prosesinə töhfə vermək və universitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlar yaradacağını bildirib.
Rektor əlavə edib ki, beynəlxalq akkreditasiya və reytinq sistemləri məzunların universitetin həyatında rolunu xüsusi qiymətləndirir və bu baxımdan Assosiasiyanın yaradılması təhsil müəssisəsi üçün zəruri addımdır: “20 il öncə Məzunlar Assosiasiyasını yaratmaq təşəbbüsünü irəli sürmüşdük. O dövrdə bu, reallaşmadı, lakin artıq cəmiyyət və təhsil sistemi buna hazırdır. İnanıram ki, Assosiasiya universitetin məzunlarla əlaqələrini gücləndirəcək və onların universitet həyatında daha fəal iştirakını təmin edəcək. Bu, müasir universitetlər qarşısında qoyulan ən vacib tələblərdəndir. Biz də bu Assosiasiyanı yaratmaqla bu tələbə adekvat cavab veririk”.
Rektor çıxışında universitetin keçdiyi 50 illik tarixi yoldan, son illər ərzində əldə olunan nailiyyətlər, beynəlxalq universitetlərlə qurulan sıx əməkdaşlıqlardan danışıb. AzMİU-nun Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 iyun 1975-ci ildə yaradıldığını, memarlıq və inşaat təhsili istiqamətində ölkəmizdə profil universitet olduğunu söyləyib. Rektor qeyd edib ki, hazırda universitetdə 7 fakültə var. Fakültələrdə bakalavr səviyyəsində 27, magistr səviyyəsində 28 ixtisas və 70 ixtisaslaşma üzrə təhsil verilir. Universitetdə 12 mindən çox tələbə təhsil alır ki, onlardan 500-dən çoxu əcnəbi tələbələrdir. Onlara 600-dən artıq müəllim dərs deyir ki, bu müəllimlərin yarıdan çoxu elmi dərəcəyə malikdir.
Professor Gülçöhrə Məmmədova dünyanın nüfuzlu universitetləri ilə aparılan ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat istiqamətləri, beynəlxalq konfrasnların təşkili, beynəlmiləlləşmə üzrə görülən mühüm işləri diqqətə çatdırıb. Universitetdə fəaliyyət göstərən müasir laboratoriya bazalarından danışarkən AzMiU ilə sıx əməkdaşlıq edən "BP", “Paşa İnşaat”, “Holcim”, “PMD” və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) kimi nüfuzlu partnyor şirkət və təşkilatların rolunu ön plana çəkib, həmçinin digər tərəfdaşlara təşəkkürünü bildirib.
Rektor AzMİU-da tədris olunan ixtisasların nüfuzlu beynəlxalq akkreditasiyadan keçməsinin əhəmiyyətinə də toxunub və qeyd edib ki, akkreditasiyalar universitetdə təhsilin keyfiyyətinin və dünya miqyasında tanınmasının bir göstəricisidir.
Tədbirdə universitetin fəxri məzunları çıxış edərək tələbəlik illərini xatırlayıblar və AzMİU-nun onlara qazandırdığı bilik və təcrübənin karyeralarındakı rolundan danışıblar. Doğma universitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirib, Assosiasiyanın fəaliyyətinə töhfə verməyə hazır olduqlarını bildiriblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, AzMİU-nun fəxri məzunu Cavid Qurbanov çıxışında bunları bildirib: “AzMİU mənim gənclik həyatımda mühüm rol oynayıb. Bu universitetdə əldə etdiyim biliklər, qazandığım dostlar mənim gələcək uğurlarımın əsasını təşkil edib. Mən inanıram ki, Məzun Assosiasiyasının yaradılması AzMİU-nun məzunları ilə əlaqələrini daha da gücləndirəcək və universitetin inkişafına böyük töhfə verəcək.”
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Əməkdar memar Səbinə Hacıyeva da çıxış edərək universitetin ona verdiyi imkanlardan bəhs edib: “AzMİU təkcə bir təhsil müəssisəsi deyil, həm də həyat məktəbidir. Burada qazandığımız bilik və təcrübə bizi cəmiyyət üçün faydalı mütəxəssislərə çevirib. Universitetlə sıx əlaqələr yaratmaq və tələbələrə dəstək olmaq bizim borcumuzdur. İrəli sürülən təşəbbüsü alqışlayır, yaradılan Assosiasiyanın fəaliyyətinə uğurlar arzulayıram”.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, əməkdar memar Elxan Əsədov isə universitetdə qazandığı təcrübənin onun memarlıq sahəsindəki uğurlarında əvəzsiz rol oynadığını vurğulayıb. Qeyd edib ki, çalışdığı Agentlikdə hazırda AzMİU-nu bitirən məzunlar üstünlük təşkil edir ki, onlardan 21 nəfəri memardır.
AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxışında məzunlarla görüşün Beynəlxalq İnsan Həmrəyliyi Gününə təsadüf etməsinin təsadüfi olmadığını vurğulayıb və bunun universitetin məzunları arasında həmrəyliyi gücləndirmək məqsədi daşıdığını qeyd edib. Prorektor bildirib ki, məzunlar universiteti öz doğma məkanı kimi qəbul edir, təhsillərini tamamladıqdan sonra da universitetlə əlaqələrini kəsmir və müxtəlif layihələrdə AzMİU ilə əməkdaşlıq edirlər. Məzun Assosiasiyasının yaradılması isə bu əməkdaşlığın daha sıx olmasına xidmət edəcək.
Tədbir çərçivəsində Məzun Assosiasiyasının Təşkilat Komitəsinin üzvləri seçilib və Təssis Yığıncağına kimi görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, qərarlar qəbul edilib. Assosiasiyanın Qəyyumlar Şurasının, İdarə Heyətinin, Təftiş Komitəsinin üzvlərinin seçilməsi və idarəetmə mexanizimlərinin təşkili Təssis Yığıncağından sonra həyata keçiriləcək.
Xatırladaq ki, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu görüş universitetin məzunları ilə əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm hadisə kimi yadda qalıb. Universitet rəhbərliyi və məzunları arasında yaradılan bu yeni körpünün AzMİU-da təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyi gözlənilir.