Bakı. Trend:
Çexiya polisi paytaxt Praqada çaxnaşma yaratmaq məqsədilə saxta məlumat yayan bir şəxsi cinayət məsuliyyətinə cəlb edib.
Trend xəbər verir ki, həmin şəxs şəhər mərkəzində silahlı bir şəxsin olduğunu iddia edən yalan məlumat verdiyini etiraf edib.
Polisin X platformasında verdiyi məlumata görə, "təhdid barədə məlumat verən şəxs hər şeyi uydurduğunu dindirmə zamanı etiraf edib. O, 'çaxnaşma mesajı yaymaq' cinayəti ilə ittiham olunur və bu cinayətə görə üç ilədək həbs cəzası nəzərdə tutulur."
Dekabrın 19-da yayılan saxta məlumatda silahlı şəxsin Çarlz Universitetinin Fəlsəfə fakültəsinə doğru hərəkət etdiyi iddia olunmuşdu. Hadisə yerinə dərhal onlarla polis əməkdaşı cəlb edilsə də, məlumatın yalan olduğu aşkar edilib. Daha sonra zəng edən şəxs saxlanılıb və məsuliyyətə cəlb edilib.