...

Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya məqsədli ovuna qadağanı 2025-ci ilə qədər uzadıb

Dünya xəbərləri Materials 20 Dekabr 2024 15:43 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Xəzəryanı ölkələr Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzadıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi Xəzər dənizinin su bioloji resurslarının qorunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın Həştərxanda keçirilən 8-ci sessiyasına əsasən məlumat verib.

Sessiyada bütün Xəzəryanı dövlətlərin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak edib.

"Tərəflər nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzatmağa və gələn il üçün kürü və nərə balıqlarının ixracına kvotalar təyin edilməməsi barədə razılığa gəliblər. Gələn il də əvvəlki kimi nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqatlar və süni çoxaltma məqsədilə həyata keçirilə bilər", - məlumatda deyilir.

Həmçinin, Balıqçılıq Agentliyi bildirib ki, 2023-cü ildə Rusiya müəssisələri Xəzərə 34,5 milyon ədəd, Qazaxıstan 1,9 milyon ədəd, Azərbaycan isə 618,7 min ədəd nərə balıqlarının körpəsini buraxıb.

Xatırladaq ki, Xəzər dənizinin su bioloji resurslarının qorunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya 2014-cü ilin sentyabrında Astarxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanmış razılaşmaya əsasən yaradılıb.

2016-cı ilin yazında sənəd bütün iştirakçı ölkələr tərəfindən ratifikasiya olunub və qüvvəyə minib. Razılaşma, komissiyanın qəbul etdiyi qərarların iştirakçı dövlətlər üçün məcburi olmasını nəzərdə tutur. Komissiyanın ilk sessiyası 2017-ci ilin noyabr ayının sonunda Bakıda keçirilib.

Qeyd edək ki, Xəzər dənizi dünyada nərə balıqlarının sayı və növ müxtəlifliyi baxımından ən zəngin su hövzəsidir. Xəzər hövzəsində nərə balıqlarının maksimal ov göstəriciləri XX əsrin əvvəllərində 39,4 min ton, 1970-ci illərin sonunda isə 27,4 min ton olub. Nərə balıqlarının sayının kəskin azalması 1991-ci ildən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti