...

Kanada müxalifəti Trüdo hökumətinə qarşı təcili etimadsızlıq səsverməsi tələb edir

Dünya xəbərləri Materials 21 Dekabr 2024 05:39 (UTC +04:00)
Kanada müxalifəti Trüdo hökumətinə qarşı təcili etimadsızlıq səsverməsi tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Poilievr parlamentin Baş nazir Castin Trüdo hökumətinə qarşı etimadsızlıq səsverməsi üçün təcili çağırılmasını tələb edib.

Trend xəbər verir ki, bu barədə siyasətçi “X” sosial platformasında paylaşım edib.

“Mən Kanadanın Baş Qubernatoru Meri Saymona müraciət edərək, Baş nazirin İcmalar Palatasının etimadını itirdiyini və növbədənkənar seçkilərin keçirilməsi üçün ilin sonuna qədər parlamentin çağırılmalı olduğunu bildirdim,” – Poilievr qeyd edib.

Bununla yanaşı, Castin Trüdoya dəstək verən Kanada Yeni Demokratik Partiyasının lideri Caqmit Sinqh, hökumətin istefası üçün partiyasının 2025-ci ildə səs verəcəyini bəyan edib.

Qeyd edək ki, Kanada Parlamenti hazırda Milad tətilindədir və iclaslar yanvarın 27-də bərpa olunacaq. Kanada qanunvericiliyinə əsasən, parlamentin növbədənkənar iclasını yalnız Baş Qubernator çağıra bilər.

Xatırladaq ki, dekabrın 10-da İcmalar Palatasında Mühafizəkarlar Partiyasının Trüdo hökumətinə qarşı irəli sürdüyü etimadsızlıq təşəbbüsü üçüncü dəfə dəstəklənməyib.

Xəbər lenti

Xəbər lenti