...

Tofiq Əhmədov estrada sənətinin qızıl fondunu yaradıb – Natəvan Şeyxova və Rafiq Seyidzadə xatirələrini bölüşdülər

Mədəniyyət Materials 20 Dekabr 2024 18:17 (UTC +04:00)
Tofiq Əhmədov estrada sənətinin qızıl fondunu yaradıb – Natəvan Şeyxova və Rafiq Seyidzadə xatirələrini bölüşdülər
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 24-də saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli musiqiçi, klarnet və saksofon ifaçısı, dirijor, bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Əhmədovun (1924–1981) anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Trend xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanın Xalq artisti Natəvan Şeyxova və onun həyat yoldaşı, tanınmış saksofon ifaçısı Rafiq Seyidzadə hələ sovet dövründə ustad sənətkarla uzun illər birgə çalışmış şəxslərdəndir.

"Tofiq Əhmədovla 1965-ci ildə tanış olduq. Mən həmin vaxt Rauf Hacıyevin rəhbərliyi altında Azərbaycan Dövlət Estrada Orkestrinin solisti kimi fəaliyyətə başlamışdım. Bir konsertdə ifamı dinlədikdən sonra Tofiq Əhmədov məni rəhbəri və baş dirijoru olduğu Azərbaycan Radiosunun Estrada Orkestrinin konsertlərinə dəvət etməyə başladı.

İlk dəfə həmin kollektivdə böyük bəstəkar Qara Qarayevin "Nərgiz" adlı lirik kompozisiyasını ifa etdim. Ailələrimiz dostlaşdı. Həmin illərdə mən artıq həm Rauf Hacıyevin, həm də Tofiq Əhmədovun kollektivlərində çıxış edirdim.

O dövrdə Emin Sabitoğlu, Oqtay Kazımov, Tofiq Babayev, Elza İbrahimova kimi məşhur bəstəkarlarla tanış olduq və dostluq etdik. İttifaqın müxtəlif şəhərlərində qastrol səfərlərində olur, SSRİ Mərkəzi Televiziyasında çıxış edirdik. Tofiq Əhmədov öz kollektivinə istedadlı ifaçıları və bəstəkarları cəlb edərək,estrada musiqiçiləri nəslini yaratdı. Bu, istedadların yetişdiyi bir ocaq idi! Hər birimizə yaradıcılıq baxımından bütün şərait yaradılmışdı. 1965-ci ildən onun vəfat etdiyi 1981-ci ilə qədər birlikdə çalışdıq", – deyə Natəvan Şeyxova bildirib.

"Tofiq Əhmədov yalnız musiqi sahəsində deyil, həyatda da görkəmli şəxsiyyət idi. O, olduqca mehriban, ürəyi geniş və həqiqi ziyalı idi. Çox səxavətli idi və musiqiçilərə müxtəlif məsələlərdə, məsələn, mənzil almaqda və ya evə telefon çəkdirməkdə kömək edirdi. Ən əsası isə o, estrada sənətinin qızıl fondunu yaratdı. Dövlət Televiziya və Radiosunun arxivlərində saxlanılan bütün yazılar mədəniyyətimizin böyük sərvətidir", – deyə Rafiq Seyidzadə vurğulayıb.

Qeyd edək ki, konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri, xalq artistləri Natəvan Şeyxova, Ənvər Sadıqov və onun "Qaytağı" ansamblı, Salman Qəmbərov və onun Bakustic Jazz qrupu, eləcə də, populyar ifaçılar İlham Qasımov, Aynur İskəndərli, Nigar Cəlilova və Rövşən Qəhrəmanov çıxış edəcək.

Yubiley gecəsində Tofiq Əhmədovun məşhur əsərləri ilə yanaşı, uzun illərdir ifa olunmayan az tanınan kompozisiyaları da səslənəcək. Həmçinin, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev və Emin Sabitoğlunun dinləyicilərin sevimlisi olan əsərləri yeni aranjimanda təqdim ediləcək.

Biletləri şəhərin bütün kassalarında və linkə keçid edərək onlayn əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti