...

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının 2024-cü il üzrə fəaliyyətinə dair hesabat təqdim edilib

Siyasət Materials 21 Dekabr 2024 02:57 (UTC +04:00)
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının 2024-cü il üzrə fəaliyyətinə dair hesabat təqdim edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mətn: Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbirdə AKTA Ümumi Yığıncağının üzvləri, ekspertlər, həmçinin AKTA-nın tərəfdaş qurum və təşkilatlarının, o cümlədən ali təhsil müəssisələri və şirkətlərin rəhbər və nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında AKTA İdarə Heyətinin sədri Elvin Balacanov 2024-cü il ərzində qurum tərəfindən həyata keçirilən fəaliyyətin yekunlarına dair hesabatı təqdim edib. O, qeyd edib ki, hesabat dövründə AKTA üzvlüyünə qəbul edilmək üçün yeni müraciətlərin sayı əvvəlki illə müqayisədə artıb. Bildirilib ki, 121 müraciətə baxılaraq 12-si hüquqi şəxs, 22-si fiziki şəxs olmaqla 34 nəfər AKTA üzvlüyünə qəbul olunub və üzvlərin sayı 146-ya çatıb.

Hesabat dövründə AKTA tərəfindən 68 müxtəlif tədbir (forum, konfrans, seminar, vebinar, yarış, təlim və s.) təşkil edilib və bu tədbirlərdə 7000-dən çox iştirakçı iştirak edib. Bu nəticələrin ötən ilin göstəricilərindən iki dəfə çox olduğu bildirilib.

Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 70-dən çox yerli və xarici qurum, təşkilat və şirkətlə görüş və müzakirələr keçirilib. AKTA heyətinin 9 xarici işgüzar səfəri təşkil edilib (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ).

2024-cü il ərzində 34 seminar və vebinar, 20 təlim keçirilib və bu tədbirlər 4000-dən çox iştirakçıya xidmət edib. Təhsil müəssisələri ilə əməkdaşlıq da genişlənib və 18 ali təhsil müəssisəsində kiber klublar yaradılıb.

Tədqiqat və inkişaf sahəsində 12 layihə həyata keçirilib. Azərbaycan, “Qlobal Kibertəhlükəsizlik İndeksi” və “Milli Kibertəhlükəsizlik İndeksi” üzrə ən yüksək qiymətləndirmə nəticələrini əldə edərək ölkənin reytinqlərində mövqeyini gücləndirib.

AKTA tərəfindən ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkarların qlobal şəbəkəsi olan Kiber Diaspora yaradılıb. Hazırda ABŞ, Kanada, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Litva, Birləşmiş Krallıq və Polşada fəaliyyət göstərən 20 həmyerli bu platformanın üzvüdür.

“Kiber yay məktəbi” layihəsi OIC-CERT tərəfindən “Tərəqqi və rifah naminə kibertəhlükəsizlikdə innovasiya” devizi altında təqdim edilərək 2024-cü ilin “Qlobal Kibertəhlükəsizlik Mükafatı”nın qalibi olub.

Tədbirin sonunda, AKTA-nın 2025-ci il üçün fəaliyyət planı təqdim olunub və növbəti il ərzində yeni tədbirlərin təşkil olunacağı bildirilmişdir. Ümumi Yığıncaq üzvləri və tərəfdaşlar 2024-cü il üzrə fəaliyyətin uğurlu olduğunu qeyd edib və 2025-ci il üçün təklif və təşəbbüslər təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti