Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə verdiyi müsahibəsində Azərbaycanın Ermənistanı müdafiə xarakterli olmayan silahlar əldə etməkdə ittiham etməsinə öz aləmində "cavab" verib.
Paşinyanın bəyanatlarına nəzər salaq:
Ermənistanın sürətlə silahlanması barədə: "Ermənistan heç bir ölkə ilə silahlanma yarışında iştirak etmir. Biz silahlanmanı yalnız Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq məqsədilə həyata keçiririk. Məqsədlərimiz şəffafdır".
İrəvanın guya "yalnız müdafiəni gücləndirmək niyyəti" barədə: "Yalnız müdafiə xarakterli vasitələrlə müdafiəni təşkil etmək mümkün deyil. Quru hücumlarına qarşı müdafiə üçün artilleriya, raketlər və digər zərbə vasitələri lazımdır".
Azərbaycanın ittihamları barədə: "Azərbaycan da müdafiə xarakterli olmayan silahlar əldə edir. Bu o deməkdirmi ki, Azərbaycan revanşist siyasət yürüdür?"
Ermənistanın "silahlanma hüququ" barədə: "Ordunun islahatı bizim qanuni haqqımızdır. Bu, Azərbaycan üçün təhlükə deyil, çünki biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və bunu tanımağa davam edirik. Biz Ermənistanın ərazi bütövlüyünün də qarşılıqlı olaraq tanınmasını gözləyirik".
İkitərəfli nəzarət mexanizmi təklifi barədə: "Biz Azərbaycana silahlanma üzərində qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklif etdik. Lakin hələ ki, cavab yoxdur. Halbuki hərbi büdcələrimiz arasındakı fərq Azərbaycanın xeyrinə üç dəfədir".
Nikol Paşinyanın açıqlamalarının mahiyyəti, məzmunu, altqatı və hədəflərini araşdırmaqda fayda var.
Nikol Paşinyan müsahibələrində dəfələrlə bəyan edib ki, Ermənistan yalnız müdafiə məqsədilə silahlanır. Amma son illərdə Ermənistanın praktiki addımları bu bəyanatların reallıq məzmununa çox ciddi şübhələr yaradır.
44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistan silahlı qüvvələrini modernləşdirmək istiqamətində aktiv addımlar atmağa başladı. Ən diqqətçəkən məqam isə bu silahlanma prosesinin ictimaiyyətə minimum açıqlıqla həyata keçirilməsidir ki, bu da gizlilik təəssüratı yaradır. 2023-cü ildə Ermənistan Hindistandan "Pinaka" reaktiv yaylım atəş sistemi və uzaqmənzilli raketlər əldə edib.
Bu sistemlər böyük dağıdıcı gücə və uzaq məsafələrə zərbə endirmə qabiliyyətinə malikdir ki, bu da onları hücum xarakterli silahlar sırasına daxil edir. "Pinaka" sistemlərinin istifadəsi sərhədlərin qorunması üçün deyil, əksinə, uzaq məsafədə yerləşən obyektlərin məhv edilməsi məqsədini güdür ki, bu da "yalnız müdafiə məqsədli" bəyanatlarla uyğun gəlmir.
Eyni zamanda, Ermənistan ordusu öz zirehli texnika parkını da fəal şəkildə yeniləməkdədir. Xüsusilə, Şərqi Avropa ölkələrindən tanklar və artilleriya qurğuları satın alınmışdır.
Bu, təkcə müdafiə mövqelərinin qorunması üçün deyil, həm də aktiv hərbi əməliyyatlara hazırlıq niyyətini nümayiş etdirir. İqtisadi çətinliklərə baxmayaraq, İrəvan hərbi potensialını gücləndirmək üçün ciddi maliyyə vəsaiti ayırır.
Belə ki, 2022-ci ildə silahlanmaya təqribən 400 milyon ABŞ dolları sərf olunub ki, bu da Ermənistan üçün rekord göstəricidir. Ötən ildə də İrəvanın remilitarizasiyası sürətlə davam edib və əsas diqqət əsla "sırf müdafiə xarakterli" sayılmayan texnika ilə sistemlərin alınmasına yönəlmişdi. Bu addımlar N.Paşinyanın həyasızcasına söylədiyi "Ermənistanın silahlanma yarışında iştirak etmir" iddiasını yalanlayır.
İrəvanın hücum xarakterli silahlar əldə etməsi onun münaqişələrin sülh yolu ilə həlli barədə bəyanatlarına etimadı ciddi şəkildə sarsıdır. Bununla yanaşı, bu cür silahlanma bölgədə gərginliyin eskalasiyası riskini artırır. Reallıq göstərir ki, Ermənistanın "məqsədlərimizin şəffaf olması" barədə iddiaları olduqca şübhəlidir. Əksinə, ölkənin sülh niyyətləri bəyanatlarının hərbi potensialını artırmaq üçün pərdə rolunu oynadığı təəssüratı yaranır. Hücum potensialının inkişaf etdirilməsi regional sabitliyə birbaşa təhdid yaradır.
İrəvanın guya "yalnız müdafiəni gücləndirmək niyyəti" də saxtakarlıqdır. Nikol Paşinyan iddia edir ki, ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün müdafiə vasitələri ilə yanaşı, raketlər və artilleriya kimi hücum sistemləri də vacibdir. Bu arqument yalnız nəzəri olaraq əsaslıdır, çünki hərtərəfli müdafiə aktiv müdafiə elementlərini də əhatə edir. Di gəl, Paşinyan administrasiyasının fəaliyyəti bu iddiaları həmişə təsdiqləmir.
Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan geniş miqyasda və aktiv şəkildə ağır artilleriya qurğularından, o cümlədən “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edib.
Həmin sistemlər uzaq məsafələrə güclü zərbələr endirmək üçün nəzərdə tutulub, lakin müharibə zamanı tətbiqinin xarakteri tamamilə fərqli olub.
Müharibə zamanı “Smerç” sistemlərindən Azərbaycanın sıx məskunlaşmış bölgələrinə və infrastrukturuna zərbələr endirilib, bu da çoxsaylı dağıntılara və mülki əhali arasında tələfatlara səbəb olub. Bu cür yanaşma "yalnız müdafiə məqsədli" silahlardan istifadə bəyanatlarına ziddir. Ermənistan cavab hücumlarından əhalini qorumaq üçün hava hücumundan müdafiə sistemlərini gücləndirmək əvəzinə, zərbə potensialını artırmağa üstünlük verib. Bu yanaşma müharibəni aparmağın hücum xarakterini nümayiş etdirir.
Müharibədən sonra isə Ermənistan yalnız yanaşmasını dəyişməməklə kifayətlənməyib, həm də hücum potensialını artırmağa davam edib. Ən diqqətçəkən nümunə Hindistandan "Pinaka" yaylım atəş sistemlərinin və Fransadan "Ceasar" haubitsalarının alınmasıdır. Bu sistemlər uzaq məsafələrdə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub ki, bu da onları açıq şəkildə hücum xarakterli silah edir.
Eyni zamanda, rəsmi İrəvanın silahlı qüvvələrin planlaşdırılan modernləşdirilməsi planları hava hücumundan müdafiə kimi müdafiə sistemlərinə deyil, raket sistemləri və ağır artilleriya kimi zərbə potensialının yaradılmasına fokuslanır. Ermənistanın məqsədi müdafiədirsə, niyə əsas diqqət uzaq məsafələrə zərbə endirmək üçün nəzərdə tutulan silahların alınmasına yönəldilib? Azərbaycanın açıq təhlükələrinə baxmayaraq, Ermənistan müasir hava hücumundan müdafiə sistemlərinin və müdafiə vasitələrinin inkişafına niyə fokuslanmır?
Paşinyan bu suallara cavab vermək istəmir.
Bu yanaşma təkcə Ermənistanın bəyanatlarına etimadı zəifləmir, həm də bölgədə əlavə sabitlik riskləri yaradır. İrəvanın hücum potensialının inkişaf etdirilməsi Azərbaycanın bunu təhdid kimi qəbul etməsinə səbəb ola bilər ki, bu da gələcəkdə silahlanma yarışının daha da güclənməsinə yol aça bilər. Keçmişdə ağır artilleriyanın mülki infrastruktur əleyhinə istifadəsi oxşar praktikanın gələcəkdə təkrarlanması ilə bağlı narahatlıq doğurur.
Onu da xatırladaq ki, Ermənistanın hərbi birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı vəziyyət, rəsmi bəyanatlar və real fəaliyyətlər arasındakı ziddiyyətlərin ən bariz nümunələrindən biridir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və beynəlxalq vasitəçilərin, o cümlədən Rusiya və Avropa İttifaqının tələbələrinə baxmayaraq, Ermənistan bu istiqamətdə öhdəliklərini tam yerinə yetirməmişdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərinə baxmayaraq, Qarabağda Ermənistanın dəstəklədiyi silahlı birləşmələr qalmaqda davam edirdi. Bu durum təkcə razılaşmanın pozulması deyil, həm də tərəflər arasında münasibətlərin normallaşmasına mane olurdu. İndi də Ermənistan razılaşmaları tam yerinə yetirmək əvəzinə, demilitarizasiya prosesini ləngidən addımlar atır.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına gəldikdə isə, Nikol Paşinyanın bəyanatları mütləq şəkildə praktiki addımlarla müşayiət olunmalıdır. Yəni kondominimum olaraq İrəvan "Qarabağın müstəqillik ideyası" kimi sərsəm mizantropiyaya siyasi dəstəyin dayandırılmalı, Azərbaycanın suverenliyini pozan ritorikadan imtina etməlidir.
Fəqət N.Paşinyan indiyədək bu şərtləri yerinə yetirmək üçün heç bir ciddi addım atmayıb ki, bu da onun beynəlxalq normalara sadiqliyini şübhə altına alır.
Nəticədə Ermənistanın ikili mövqeyi təkcə Azərbaycanın deyil, həm də beynəlxalq ictimaiyyətin ona etimadını azaldır, münaqişənin həllini çətinləşdirir. Üstəlik, davam edən təxribatlar silahlı qarşıdurmaların yenidən başlamasına səbəb ola bilər. Və ən nəhayət, Paşinyanın fəaliyyətdəki ardıcıllıq və prinsipiallığın olmaması bölgədə gərginlik riskini gündəmdə saxlayaraq dayanıqlı sülhlə stabiliyin bərqərar olmasına maneələr yaradır.
Nikol Paşinyanın "silahlanmaya qarşılıqlı nəzarət mexanizmi yaratmaq" təklifi bölgədə gərginliyin azaldılmasına yönəlmiş diplomatik addım kimi səslənir. Amma yenə də - bu təşəbbüsün real məqsədləri və vaxtında irəli sürülməsi suallar doğurur.
Səbəblər də az deyil.
Cənubi Qafqaz bölgəsində Ermənistanla Azərbaycan arasında hərbi imkanların asimmetriyası uzun müddətdir mövcuddur. İkinci Qarabağ müharibəsindən sonra bu fərq daha da nəzərə çarpan oldu. 2023-cü ildə Azərbaycanın müdafiə büdcəsi 3,6 milyard ABŞ dolları təşkil edib ki, bu da Ermənistanın 1,2 milyard dollarlıq müdafiə büdcəsindən üç dəfə çoxdur. İqtisadi çətinliklər və siyasi qeyri-sabitlik fonunda Ermənistan hərbi potensialını artırmaq üçün vaxt qazanmağa çalışır. Qarşılıqlı nəzarət təşəbbüsü hazırkı vəziyyəti donduraraq öz zəifliyini kompensasiya etmək məqsədi daşıya bilər.
Bu cür təşəbbüslər adətən güc mövqeyindən deyil, digər tərəfin strateji üstünlüklərini azaltmaq cəhdi kimi səslənir. Ermənistanın zəif mövqedə olduğu bir vaxtda bu diplomatik mexanizm real paritet yaratmaqdan çox, paritet təəssüratı yaradır.
Onu da unutmayaq ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsinin qalibi olaraq daha güclü strateji mövqedədir. İşğal altında olan torpaqların qaytarılması Bakının strateji üstünlüyünü möhkəmləndirib və Ermənistanla şərti dövlət sərhədinə tam nəzarət Azərbaycan üçün geosiyasi əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycanın hərbi potensialı bölgədə balansı qorumaq və gələcək təhdidlərə cavab vermək üçün əhəmiyyətlidir.
Bu şərtlərdə silahlanmaya məhdudiyyətlərin tətbiqi Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun gəlmir. Daha da əhəmiyyətlisi, Azərbaycanın zəfərindən sonra ortaya çıxan risklər fonunda hərbi potensialını qorumaq hüququ beynəlxalq səviyyədə dəstəklənir.
Bütün bunlara rəğmən, yəni Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazansa da, bölgədəki sabitlik və təhlükəsizlik problemləri ilə üzləşməyə davam edir. Belə ki, erməni işğalından azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bölgələrin bərpası üçün ciddi hərbi iştiraka ehtiyac var. Bu ərazilərin minalardan təmizlənməsi və infrastrukturun yenidən qurulması prosesində hərbi güc dayaq rolu oynayır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlarına baxmayaraq, ölkədə revanşist yanaşmanı dəstəkləyən siyasi dairələr mövcuddur. Sözügedən qüvvələr Qarabağın statusu ilə bağlı spekulyasiyalar apararaq münaqişənin yenidən alovlanmasına zəmin yarada bilər. Bəhs etdiyimiz durumda Nikol Paşinyanın “silahlanmaya qarşılıqlı nəzarət mexanizmi” təklifi Bakının təhlükəsizlik maraqları baxımından məqbul görünmür. Azərbaycan üçün hərbi potensialını qorumaq və inkişaf etdirmək suveren bir hüquqdur və bu, onilliklər boyu davam edən işğalın və münaqişənin nəticələrinə qarşı məntiqli bir addımdır.
Ümumiyyətlə, Paşinyanın silahlanmaya qarşılıqlı nəzarət mexanizmi təşəbbüsü səthi baxımdan primitiv diplomatik jest cəhdindən savayı heç nə deyil. Habelə,"təşəbbüs"ün vaxtı və məqsədləri də sual doğurur.
Çünki Paşinyan hazırda Ermənistanın hərbi-texniki potensialının zəifliyini aradan qaldırmağa çalışır. Yada salaq ki, Ermənistanın müdafiə büdcəsi Azərbaycanın xeyli gerisindədir (2023-cü ildə Azərbaycan - 3,6 milyard ABŞ dolları, Ermənistan - 1,2 milyard ABŞ dolları). Belə bir təklifin indi irəli sürülməsi İrəvanın hərbi geriliyi kompensasiya etmək üçün vəziyyəti "dondurmaq" cəhdi kimi görünür. Rəsmi Bakı hərbi-strateji üstünlüklər fonunda, belə bir məhdudiyyət mexanizminə ehtiyac duymadığından N.Paşinyanın bu təklifi hərbi balansı dəyişdirmək cəhdi kimi qəbul edilə bilər.
... Nikol Paşinyanın Ermənistanın silahlanmaya dair bəyanatları və təklifləri ziddiyyətli görünür. Bir tərəfdən, o, Ermənistanın "müdafiə məqsədləri"ni vurğulayır, digər tərəfdən isə real faktlar və hadisələr ölkənin hücum xarakterli silahlanma prosesində iştirak etdiyini göstərir.
Bölgədə uzunmüddətli sülh yalnız hərbi balansı qorumaq deyil, həm də qarşılıqlı inam və şəffaflığa əsaslanan səmimi addımlarla mümkün ola bilər. Ermənistanın bu istiqamətdə etibarlı tərəfdaş kimi çıxış etməsi üçün rəsmi İrəvanın sözləri ilə əməllərini uyğunlaşdırması və bölgədə sülhün təminatına töhfə verməsi vacibdir.
Əks təqdirdə belə "təşəbbüs"lər reallıqdan uzaq, yalnız ucuz və uğursuzluğa düçar diplomatik manevr kimi dəyərləndiriləcək.