Bakı. Trend:
Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində ümumilikdə 5000-dən çox müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfov bildirib ki, meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ rayonlarının meşə fondu torpaqlarında da aparılıb, gün ərzində meşə fondu torpaqlarında, ümumilikdə 35 000 ədəd müxtəlif növ ağac tingi əkilib.