Ukrayna Azərbaycana nüvə tənzimlənməsi sahəsində mütəxəssislərin hazırlanmasında yardım edəcək
Ukrayna Azərbaycana nüvə tənzimlənməsi sahəsində mütəxəssislərin hazırlanmasında yardım edəcək. Bu barədə bir gün əvvəl Ukraynanın Dövlət Nüvə Tənzimlənməsi Komitəsinin sədri Elena Mikolayçuk jurnalistlərə verdiyi məlumatda bildirib, İTAR-TASS yazır.
İyun ayında Kiyevdə Siyavuş Azaxovun başçılığı altında Azərbaycan FHN-in Atom və Radioloji Fəaliyyəti üzrə Dövlət Komitəsinin nümayəndə heyətini gözləyirlər. "Bu orqanın yaradılması haqqında nizamnaməni Azərbaycan Prezidenti aprel ayında təsdiq edib",- Mikolayçuk qeyd edib. "Dörd gün ərzində biz azərbaycanlı həmkarlarımızı komitəmizin işi, normativ baza və kadrların sistem hazırlığı ilə tanış edəcəyik",- o bildirib.
Mikolayçukun məlumatına görə, Azərbaycan ölkədə neft və qaz ehtiyatlarının olmasına baxmayaraq, nüvə energetikasını yaxın onillikdə perspektiv sahə hesab edir. "Bununla bərabər müdrik siyasət yeridilir: ilk öncə tənzimləyici orqan yaradılır, elmi dəstək sistemi hazırlanır, müəyyən mərhələdə tədqiqat reaktoru tikilir və sonra AES-in inşa edilməsi məsələsinə baxılır", - dövlət komitəsinin rəhbəri bildirib.