...

Azərbaycanda yanvar-fevral ayları ötən ildəkindən soyuq keçəcək

Cəmiyyət Materials 5 Yanvar 2012 10:21 (UTC +04:00)
Bu ilin yanvar-fevral aylarının ötən ildəkindən soyuq keçəcəyi gözlənilir.
Azərbaycanda yanvar-fevral ayları ötən ildəkindən soyuq keçəcək

Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-fevral aylarının ötən ildəkindən soyuq keçəcəyi gözlənilir. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yanvar ayının ayrı-ayrı günlərində qar yağacağı proqnozlaşdırılır. Hətta anomal temperaturun müşahidə ediləcəyi də istisna edilmir.

Verdiyev deyib ki, yanvarın birinci ongünlüyündə havanın temperaturunun iqlim normasına yaxın, ikinci və üçüncü ongünlüyün bəzi günlərində isə normadan bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturunun 2-6 dərəcə şaxta olacağı proqnozlaşdırılır, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Yanvar ayı üçün orta aylıq temperaturun Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında 1-4 dərəcə şaxta, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında 0-4 dərəcə şaxta, Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında 0-2 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti