...

Azərbaycanda “Sığorta Festivalı” rəsmi olaraq başlayıb

İqtisadiyyat Materials 17 Avqust 2024 20:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə “Sığorta Festivalı”na start verilib.

Trend xəbər verir ki, 2021-ci ildən etibarən əhalinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində müxtəlif tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də bu il yenidən təşkil edilən “Sığorta Festivalı”dır.

Festival, 17 avqust - 7 sentyabr tarixləri arasında respublikanın beş müxtəlif şəhərində keçiriləcək. Festivalın açılışı Bakı şəhərində Dənizkənarı Milli Parkda baş tutub.

Qeyd edək ki, festivalın növbəti mərhələləri 24 avqust Naxçıvanda, 30 avqust Sumqayıtda, 3 sentyabr Lənkəranda və 7 sentyabr Gəncədə baş tutacaq.

Bu tədbir, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunur və festival çərçivəsində sığorta maarifləndirməsi əyləncəli şoular, musiqi proqramları və hədiyyəli yarışmalar vasitəsilə aparılacaq.

Layihənin əsas məqsədi, geniş əhali qruplarının və biznes təmsilçilərinin sığorta sahəsində biliklərini artırmaq və onları sığorta xidmətlərinə maraqlandırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti