Bakı. Trend:
ABŞ-ın Böyük Britaniyadakı bir neçə hərbi bazası yaxınlığında naməlum dronların uçuşları qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Kral Hərbi Hava Qüvvələrinin (RAF) təhlükəsizlik üzrə ixtisaslaşmış personalı bazalara yerləşdirilib.
Son bir həftə ərzində üç bazanın yaxınlığında naməlum dronların müşahidə olunması ABŞ və Böyük Britaniya hərbi qüvvələrini birgə tədbirlər görməyə vadar edib.
Böyük Britaniya hərbçiləri hava məkanını qorumaq üçün dron əleyhinə “Orcus” sistemindən istifadə edəcəklər. Bu sistem pilotsuz uçuş aparatlarını aşkar etmək, izləmək, tanımaq və lazım gəldikdə zərərsizləşdirmək funksiyasına malikdir.
Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri də baza üzərində hava məkanının monitorinqini davam etdirəcəyini açıqlayıb.