Bakı. Trend:
Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin nümayəndə heyətləri Vyanada Avropada adi silahlara nəzarət məsələlərini və etimadın, təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı tədbirləri müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
İclasda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, MDB İcraiyyə Komitəsinin nümayəndələri və müşahidəçi qismində Azərbaycanın nümayəndələri iştirak ediblər.
Məlumatda qeyd olunub ki, müzakirələrdə təhlükəsizlik tədbirlərinin hərbi-siyasi aspektləri, xüsusilə Avropada adi silahlara nəzarət və etimadın, təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, Vyana danışıqlar platformalarının fəaliyyəti ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, tərəflər ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı sülhün və beynəlxalq sabitliyin qorunması məqsədilə MDB çərçivəsində işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.