Bakı. Trend:
Belçikanın "La Luvier" klubunda çıxış edən 25 yaşlı əlcəzairli hücumçu Mohamed Belkeyr, karyerasını Azərbaycanda davam etdirə bilər.
Trend xəbər verir ki, "Qarabağ" klubunun transfer etmək istədiyi futbolçu haqqında məlumatı "sportitalia.it" saytı yayıb.
Futbolçunun xidmətlərinə yalnız "Qarabağ" maraqlanmır; Türkiyənin "Sivasspor" və "Antalayaspor" klubları, həmçinin Belçikadan "Sent Truiden" də onunla maraqlanır.
Mohamed Belkeyr, İtaliyanın "Verona" klubunun yetirməsidir və 2016-2018-ci illərdə "İnter"in U-19 komandasında oynayıb. Əlcəzairin U-23 milli komandasının üzvü olan forvard, müqavilə əsasında Niderlandın "Fortuna Sittard" klubunun oyunçusudur. Bu ilin yayında "La Luvier"ə icarə əsasında transfer olunan futbolçu, mövsüm ərzində Belçika II Liqa təmsilçisinin heyətində 14 rəsmi matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.