Bakı. Trend:
Noyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Dövlət -biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, biznes assosiasiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.
Trend xəbər verir ki, tədbiri açan DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün əsas məqsədi vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilmiş və nəzərdə tutulan dəyişikliklər, eyni zamanda bu proses çərçivəsində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın nəticələrini təqdim etmək və yeni istiqamətləri müzakirə etməkdir.
İştirakçılar vergi islahatlarının ölkəmizdə sahibkarlıq fəaliyyətinə təsirləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes subyektlərinin prosesdə fəal iştirakı ilə bağlı məsələləri müzakirə ediblər. Bildirilib ki, iqtisadiyyatımız üçün yeni inkişaf prioritetlərinin və dayanıqlı fəaliyyətə keçid istiqamətində təşəbbüslərin həyata keçirilməsində vergi islahatları mühüm rola malikdir.
Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev dövlət və özəl sektor arasında əməkdaşlıqla müşayiət olunan təkmilləşmələrin daha effektiv olduğunu, birgə fəaliyyətin daha dayanıqlı və hərtərəfli inkişafa təkan verdiyini vurğulayıb.
DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri”, baş idarənin rəis müavini Əvəz Quliyev “2025-ci ildə Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklər” barədə təqdimatlar ediblər.
Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayev “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” barədə məlumat verib.
Görüşdə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində növbəti il üçün biznesin fəaliyyətinin təşviqi barədə fikirlər səsləndirilib. Ölkəmizin investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində dövlət - özəl sektor tərəfdaşlığının gücləndirilməsinin faydaları qeyd edilib.
Tədbir zamanı vergi qanunvericiliyi ilə bağlı səsləndirilən təkliflər müzakirə edilib, qaldırılan suallar cavablandırılıb.
Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinə verilən güzəştin müddəti uzadılıb.
O bildirib ki, o cümlədən, 2027-ci ilədək bu fəaliyyət üzrə satışdankənar gəlirlər, habelə verilən subsidiyalar vergidən azad edilib:
"Kənd təsərrüfatı müəssisələrindən əldə edilən dividend gəlirləri 2023-cü ildən 4 il müddətinə vergidən azad edilib. Eyni zamanda, aqrar emal fəaliyyəti ilə bağlı güzəştlər verilib. Heyvan və quş ətinin satışı ƏDV-dən azad edilib".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev qeyd edib ki, "Dövlət-özəl tərəfdaşlığı" layihəsi çərçivəsində özəl tərəfdaşlara mənfəət, gəlir vergisi üzrə vergi güzəştləri, əmlak və torpaq vergisi üzrə vergi güzəştləri və idxal üzrə əlavə dəyər güzəştlərinin tətbiqi nəzərdə tutulur.
O bildirib ki, bu layihə əsasən iri investisiyaların cəlb olunması məqsədilə tətbiq olunur:
"Bunlar əsasən dəyəri 30 milyon manatdan yuxarı olan layihələrdir və strateji sahələri əhatə edir. Layihə üzrə nəzərdə tutulan güzəşt müddəti isə 30 ildən çox olmayan dövrü əhatə edir".
"Eyni zamanda anoloji güzəşt "yaşıl iqtisadiyyat"ın dəstəklənməsində bərpa olunan enerji sahəsindədir. Elektrik enerjisinin istehsalı ilə bağlı nəzərdə tutulacaq layihələrə də bu güzəştlərin tətbiq olunması nəzərdə tutulub", - deyə o vurğulayıb.