Bakı. Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 38/56 ünvanında yerləşən 6 mərtəbəli yaşayış binasında (“Körpə” MTK-ya məxsus) aparılan qanunsuz tikinti faktının qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Bildirilib ki, Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti qaydasında həyata keçirdiyi monitorinq nəticəsində sözügedən binanın 1-ci mərtəbəsində yerləşən mənzildə müvafiq icazəverici sənədlər olmadan 2 ədəd pəncərə boşluğunda qapı oyuğu açılması və pilləkən marşının quraşdırılması faktı aşkar edilmişdir. 13 noyabr 2024-cü il tarixində qanunsuz tikinti işləri dayandırılaraq sökülmüş və müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilmişdir.
Bununla belə 26 noyabr 2024-cü il tarixində Baş İdarə tərəfindən əraziyə təkrar baxış zamanı yenidən həmin mənzildə qanunsuz quraşdırılma faktı aşkar edilmiş və cəhdin qarşısı alınaraq, söküntüsü təmin edilmişdir.