Bakı. Trend:
Ölkədə ətraf mühitin qorunması, ekoloji dayanıqlılığın təmin olunmasının təşviq edilməsi iqtisadiyyatın bütün sektorlarında dövlətin təşviq alətləri ilə əhatə olunur.
Trend xəbər verir ki, bunu “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
O bildirib ki, bunlardan biri də məhz vergi təşviq alətləridir:
"Biz artıq bir neçə ildir ki, görürük ki, ölkəyə idxal olunan elektrik mühərrikli və hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Artıq növbəti ilin büdcə zərfi çərçivəsində təqdim olunan qanun layihəsində bərpa olunan enerji mənbələri hesabına enerji istehsalını həyata keçirən sahibkarların gəlir vergisindən, mənfəət, əmlak və torpaq vergilərindən və bu infrastrukturların qurulması ilə bağlı idxal edəcəkləri avadanlıqlara, texnoloji infrastrukturların qurulması ilə bağlı idxallara görə ƏDV və gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulub".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda tədbir keçirilir.
Tədbirdə son illər ərzində, eləcə də, növbəti il üçün vergi qanunvericiliyində, inzibatçılığında edilmiş və edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı, eyni zamanda, bu fəaliyyət prosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıq formatının nəticələri barədə təqdimatın həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev və digər rəsmi şəxslər, elecə də ekspertlər iştirak edirlər.