...

Gürcüstanda prezident seçkilərinin tarixi təsdiqləndi

Dünya xəbərləri Materials 26 Noyabr 2024 13:24 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamenti bu gün keçirilən plenar iclasda prezident seçkilərinin tarixini təsdiqləyib.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın prezident seçkilərinin dekabrın 14-də keçirilməsi təklifi ilə parlamentə müraciət etmişdi.

Məlumata əsasən, səsvermədə 85 deputat iştirak edib. Onlardan 80-i seçkilərin 14 dekabr tarixində keçirilməsinin lehinə səs verib, əleyhinə səs verən olmayıb.

Yeni prezidentin andiçmə mərasimi isə 29 dekabrda baş tutacaq.

Qeyd edilib ki, prezidentin seçilməsinin yeni qaydasına əsasən, prezident artıq birbaşa qaydada, yəni ümumxalq seçkiləri yolu ilə seçilməyəcək və parlament prezidenti seçmək səlahiyyətinə malik olacaq.

“ 300 üzvdən ibarət Seçicilər Kollegiyası Gürcüstan Prezidentini debatlar olmadan, açıq səsvermə yolu ilə beş il müddətinə seçəcək. Mərkəzi Seçki Komissiyası Seçicilər Kollegiyasını təsdiq edəcək.

Bununla yanaşı, Seçicilər Kollegiyasının ən azı 30 üzvü prezidentliyə namizəd irəli sürmək hüququna malik olacaq. Seçicilər Kollegiyasının bir üzvü yalnız bir namizədin irəli sürülməsini dəstəkləyə bilər. Seçicilər Kollegiyasının tam tərkibinin üçdə ikisinin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş hesab ediləcək. Namizəd qeyd olunan göstəriciyi toplaya bilmədikdə, sadə səs çoxluğu ilə seçimin ediləcəyi ikinci səsvermə keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstan konstitusiyasına əsasən, 40 yaşından yuxarı, ölkədə azı 15 il yaşamış Gürcüstan vətəndaşı prezident seçilə bilər.

Salome Zurabişvili 2018-ci ilin noyabrın 28-də Gürcüstanın beşinci prezidenti seçilib, dekabrın 16-da isə andiçmə mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti