...

COP29 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti qlobal uğuru oldu - Xanlar Fətiyev

Siyasət Materials 25 Noyabr 2024 20:20 (UTC +04:00)
COP29 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti qlobal uğuru oldu - Xanlar Fətiyev

Bakı. Trend:

Bakıda keçirilən COP29 başa çatdı. 12 gün davam edən bu sessiya iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bir sıra vacib razılaşmaların əldə olunması, dövlətlər və şirkətlər arasında müxtəlif sazişlərin bağlanması ilə yadda qaldı. Əldə olunan müsbət nəticələr həm də respubilkamızın COP29-a sədrliyinin uğurları oldu.

Bu barədə bəhs etməzdən öncə onu qeyd etməliyik ki, COP29 birinci növbədə ən yüksək səviyyədə təşkilatçılığı ilə yadda qaldı. Vaxtilə Bakıda keçirilmiş digər beynəlxalq tədbirlər zamanı olduğu kimi, ölkəmiz bu dəfə də təşkilatçılıq baxımından nümunə göstərdi. Bu barədə qəzet və televiziyalarda, xəbər saytlarında çox saylı informasiyalar verildi. Hazırlıq işləri isə bir ildən də az vaxtda həyata keçirilmişdi. Prezident İlham Əliyevin sosial şəbəkə hesablarındakı paylaşımında qeyd etdiyi kimi, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu.

Bakıya gələn xarici qonaqlar jurnalistələrə verdikləri açıqlamalarda Azərbaycanın ev sahibliyini, ümumiyyətlə, bütün təşkilatçılığı və kommunikasiya məsələlərini yüksək qiymətləndirdilər, başqa ölkələrdə görmədikləri qonaqpərvərliklə qarşılandıqlarını qeyd etdilər. Habelə xarici qonaqlar Bakının gözəlliyinə, Azərbaycan mətbəxinə heyran olduqlarını bildirdilər. Ölkəmizə gələn xarici vətəndaşlar həm də Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsinin nəticələri, xalqımızın tarixi zəfəri ilə daha yaxından və obyektiv şəkildə xəbərdar oldular. Əlbəttə, bunlar dövlətimizin böyük uğurlarıdır. Bu baxımdan COP29 Azərbaycanın nailiyyətlərinin dünyada təbliğ edilməsində və tanıdılmasında böyük rol oynadı.

İkincisi, COP29 ölkəmizin antiazərbaycançı və ermənipərəst dairələr üzərində daha bir möhtəşəm qələbəsi oldu. Məlum olduğu kimi, COP29-un respublikamızda keçirilməsi barədə qərar qəbul ediləndən sonra Qərbdəki antiazərbaycançı dairələr Azərbaycana qarşı yeni qarayaxma kampaniyasına başlamışdılar. Onlar vaxtaşırı Azərbaycan əleyhinə açıqlamalar verir, Avropa Parlamentində ölkəmizlə bağlı qərəzli sənədlər qəbul edir, dövlət və hökumət başçılarını COP29-da iştirak etmək üçün Bakıya getməməyə çağırırdılar. Bu da onların Azərbaycanın 44 günlük müharibədəki zəfəri ilə barışa bilməmələrindən və COP29-un ölkəmizdə keçirilməsinə qarşı çıxmalarından irəli gəlirdi. 1 ilə yaxın idi ki, erməni lobbisinin təsiri altında olan avropalı siyasətçilər öz açıqlamalarında riyakarcasına bu tədbirin ölkəmizdə keçirilməməsi ilə bağlı çağırışlar edir, Azərbaycanın uğurlarına kölgə salmağa çalışırdılar.

Antiazərbaycançı dairələr ən iyrənc formalarda və mənəviyyatsızcasına ölkəmizə qarşı hibrid müharibə aparsalar da, onların qərəzli niyyətlərinin heç biri baş tutmadı. COP29 tarixdə ən yüksək səviyyədə təşkil olunmuş COP sessiyalarından biri kimi qaldı. Bu tədbirdə iştirak etmək üçün Bakıya 80 dövlət və hökumət başçısı gəldi. Bu, həm Prezident İlham Əliyevə, həm də Azərbaycana olan hörmətdən, ehtiramdan xəbər verdi. Qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı COP29-da iştirak etdi. Bir sözlə, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan bu sınaqdan üzüağ alnıaçıq çıxdı. Antiazərbaycançı dairələrin COP29-la bağlı bütün planları iflasa uğradı.

Bütün dünyada narahatlıq doğuran iqlim dəyişiklikləri böyük ekoloji təhdidlər yaratmaqdadır. Bəşəriyyət artıq bir neçə onilliklərdir ki, bu təhdidlərin olduqca ağır nəticələri ilə qarşı qarşıyadır. Azərbaycan da iqlim dəyişikliyinin yaratdığı fəsadlarla üzləşir. Lakin məmnunluqla qeyd etməliyik ki, Azərbaycan bu problemə qarşı mübarizəyə mühüm töhfələr verən, «yaşıl enerji» ilə bağlı nümunələr yaradan dövlətlər sırasında yer alır. Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilən panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi. Bu da öz növbəsində Azərbaycan üçün «yaşıl enerji» sahəsində yeni əməkdaşlıqlar baxımından mühüm prespektivlər vəd edir.

COP29-da əldə olunan razılaşamalara gəldikdə, əvvəlcə onu qeyd etmək istərdim ki, bundan əvvəl keçirilmiş COP sessiyalarında iqlim fəsadları ilə bağlı müzakirələr aparılsa da, əsas problemlər ətrafında müsbət nəticələr əldə etmək mümkün olmamışdı. Bu baxımdan ölkəmizdə keçirilən sessiya əvvəlkilərlə müqayisədə fərqləndi və Bakıda iqlim dəyişiklikləri ilə mübarizə məsələlərində vacib razılaşmalar əldə edildi. Bunlardan biri İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılmasıdır. Bunu böyük tarixi uğur da adlandıra bilərik. Çünki 10 il idi ki, bu maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu da iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə maneçilik yaradırdı. Artıq bu maneçilik Bakıda aradan qaldırıldı.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bu razılıq inkişaf etmiş ölkələr tərəfindən 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün qarşıya yeni qlobal öhdəlik qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Bu, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə daha intensiv mübarizə aparmaqda kömək edəcək.

Bakıda əldə olunan razılaşmalardan və COP29 Sədrliyinin əsas uğurlarından biri iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsidir. Fondun 2025-ci ildən tam fəaliyyətə başlaması planlaşdırılır. Fonda iştirakçı ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi isə 730 milyon ABŞ dollarından artıqdır.

Göründüyü kimi, COP29-da iqlim tədbirləri üzrə bir neçə prioritet istiqamətdə müsbət nəticələr əldə edildi. Prezident İlham Əliyev sosial şəbəkə hesablarındakı paylaşımında COP29-un nəticələri barədə deyib: "Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək".

Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv fəaliyyət nəticəsində əldə edilmiş irəliləyişlər bütün proqnozları üstələdi. Bütün bunlar Azərbaycanın diplomatiyasının tarixi uğurlarıdır. Ölkəmiz COP29-a uğurla ev sahibliyi etdiyi kimi, iqlim dəyişiklikləri ilə qlobal mübarizənin daha sürətlə həyata keçirilməsinə də layiqli töhfələr verdi. Bütövlükdə, COP29 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti qlobal uğuru oldu.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti