Bakı. Trend:
Gürcüstanın 11-ci çağırış parlamenti 150 deputatın səlahiyyətini – 88 lehinə, 0 əleyhinə səslə tanıyıb.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, səlahiyyətin tanınmasından sonra parlamentin üzvləri vətənə sədaqət andı içiblər.
Məlumata əsasən, səlahiyyətin tanınmasından əvvəl, reqlamentə müvafiq olaraq, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Qiorqi Kalandarişvili parlamenti seçkilərin nəticələri barədə məlumatr verib. Həmçinin, parlamentin üzvlərinin səlahiyyətlərinin tanınması üçün lazım olan sənədləri müvəqqəti mandat komissiyasına təqdim edib. Prosedura müvafiq olaraq, komissiyalar sədrləri və katibləri seçiblər, eləcə də, müvəqqəti mandat komissiyaları MSK tərəfindən verilmiş sənədləri müzakirə ediblər.
MSK-nın rəsmi nəticələrinə əsasən, 11-ci çağırış parlamentinə beş siyasi subyekt seçilib.
150 deputatdan ibarət parlamentdə “Gürcü arzusu” partiyası 89 mandat əldə edib. Qalan yerlər “Dəyişiklik Naminə Koalisiyası”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və Qiorgi Qaxarianın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyaları arasında bölüşdürülüb. Lakin müxalifət parlamentdə iştirak etmək niyyətində olmadığını bəyan edib.
Qeyd edilib ki, yeni seçilmiş 11-ci çağırış parlament bu gün ilk iclasını keçirir. İclasa parlamentin sədri seçilənədək parlamentin ən yaşlı üzvü Lado Kaxadze sədrlik edir.