Bakı Trend:
Artıq daha bir tarixi proses arxada qaldı. Azərbaycan COP29-a yüksək səviyyəli ev sahibliyi etməklə daha bir tarix yazdı. Azərbaycan həm də bir daha üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirmək nümunəsi sərgilədi. Bütün manelərə baxmayaraq, Azərbaycanın ev sahibliyiı ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Lakin təəssüf ki, biz bunu Qərb barədə deyə bilmərik.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu:
“Bəlli olduğu kimi COP29 ərəfəsində C.Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Bu hal sonrakı proseslərdə də özünü göstərdi. Qərb COP29-da əsas hədəflərdən diqqəti yayındıraraq, öz qaranlıq məqsədlərini reallaşdırmağa çalışdı”.
Millət vəkili deyib ki, maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı da məhz Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir:
“O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhz buna görə Bakıya gəlmədi. Bundan başqa, təsadüfi deil ki, COP29-da Aİ-ni təmsil edən, artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu”.
V.İskəndərov əlavə edib ki, bütün bunlara baxmayaraq, bəlli qüvvələr məğlub duruma düşdülər:
“Beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. Yən çəkinmədən demək olar ki, COP29-da 300 mlrd. dollar maliyyə hədəfi, həqiqətən, tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı”.
Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, COP29 dünyanın 5-dən böyük olduğunu sübut etdi:
"Həm də qlobal əhəmiyyətli qərarların qəbul olunmasında dünya ictimaiyyətinin həmrəyliyinin qlobal qərarlara təsir etmək istəyənlərin iradəsini dəyişə biləcəyini göstərdi.
COP29 qlobal iqlim dəyişikliklərlə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər saldı. Azərbaycanın COP29-a hədəflərdən biri də elə bu idi. ABŞ və Qərb COP29-a mane olmağa çalışdı. Amma onların Azərbaycana qarşı nümayiş etdirdikləri qərəz və qarayaxmalar ayaq tutub yerimədi. Bayden Administrasiyası da COP29-dan bir fürsət kimi istifadə edərək, dörd illik hakimiyyəti dövründə yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün Azərbaycanı Ermənistanla yarımçıq sülhə razılaşdırmağa və bu sənədi Vaşinqtonda imzalatdırmağa çalışdı.
Azərbaycan öz mövqeyini dəyişmədi və özünün əsas hədəfini COP29-un yüksək səviyyədə keçirilməsi üzərində qurdu. Belə ki, iki həftəyə yaxın davam edən COP29 tədbirlərinə 80-dən çox dövlət və hökumət başçısının gəlməsi və 76 mindən çox nümayədəninin qeydiyyatdan keçməsi ölkəmizə qarşı qarayaxma kampaniyaları aparanlara ən yaxşı cavabımız oldu".
O qeyd edib ki, COP29 tədbirləri çox yüksək səviyyədə təşkil olundu:
"Ölkəmizə gələn bütün qonaqlar çox məmnun qaldılar. Ən əsası, COP29-un qarşısına qoyulmuş hədəflər icra olundu. Avropa İttifaqı və Avropa Komissiyası Bayden Administrasiyası ilə bir yerdə razılığa gələrək iqlim maliyyəsini az ayırmaq üçün COP29 tədbirlərinə qatılmamaq qərarını verdi.
Almaniyanın XİN rəhbəri Annalena Berbok Bakıya gəlsə də, COP29 ətrafında müzakirələrə qoşulmaq əvəzinə Azərbaycana qarşı əsassız ittihamlar səsəndirərək, özünün sifarişlə gəldiyini nümayiş etdirdi. Amma son məqamda qlobal həmrəylik əldə olundu və iqlim maliyyəsinin 300 milyard dollar olmasına razılaşdı. Həm də 2035-ci ilə qədər yeni hədəflər müəyyənləşdirildi. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və kiçik ada ölkələrinə iqlim maliyyəsi ilə bağlı həmrəylik əldə olundu. Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu".
"COP29 Azərbaycan diplomatiyasının dönüş nöqtəsidir. Yəni Azərbaycan COP29-dan sonra dünyaya yeni bir libasda görünür. Bu, həm də Azərbaycanı beynəlxalq tədbirlərə yüksək ev sahibliyi edən, qlobal çağırışlara qoşularaq töhfə verən, qarşılıqlı hörmət əsasında əməkdaşlıq quran, dostların sayını artıran, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünyaya bir daha tanıtdı", - deyə o əlavə edib.