...

Şəhid Çavuş Etibar İmamaliyev vətəni canı bahasına sevirdi

Cəmiyyət Materials 19 Sentyabr 2025 11:13 (UTC +04:00)
Şəhid Çavuş Etibar İmamaliyev vətəni canı bahasına sevirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Torpaq – uğrunda ölən varsa vətəndir

Şəhid Çavuş Etibar İmamaliyev də ömrü vətənlə başlayıb, vətənlə tamamlanan igidlərdən biri oldu.

1995-ci il noyabrın 22-də Hacıqabul rayonunun Qarasu kəndində dünyaya göz açan Etibar, daha uşaqlıq illərindən vətənpərvərlik dəyərləri ilə böyüdü. Qarasu kənd orta məktəbini bitirəndən sonra 2013-2015-ci illərdə Lənkəranda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət keçdi. Xidmətini başa vuran gənc Etibar üçün hərbi sahə yalnız bir borc deyildi – bu, onun ürəyində yanan sönməz bir sevgi idi.

“İcazə verməsəniz, qaçıb gedəcəm”

Ailəsinin etirazlarına baxmayaraq, o, geri çəkilmədi. “İcazə verməsəniz, evdən qaçıb gedəcəm” deyəcək qədər qətiyyətli idi. 2016-cı ilin fevralında Astarada yerləşən kəşfiyyat rotasında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı.

“Vətən Müharibəsi İştirakçısı” və “Xocavəndin və Cəbrayılın azad olunmasına görə” medalları

Etibar yalnız sıravi əsgər deyildi. O, döyüş meydanının canı ilə yoğrulmuş əsl qəhrəmanı idi. 44 günlük Vətən müharibəsində – Qarabağın azadlığı uğrunda gedən müqəddəs savaşda o, Xocavəndin və Cəbrayılın alınmasında böyük igidlik göstərdi. Döyüşlərdən alnıaçıq çıxan Etibar “Vətən Müharibəsi İştirakçısı” və “Xocavəndin və Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olundu.

Fəxri Fərman

2021-ci ildə Türkiyədə keçirilən Komando hazırlıq kurslarını müvəffəqiyyətlə başa vuran Etibar, daha sonra Hadrutda yaradılmış xüsusi "Komando" briqadasının tərkibində xidmətini davam etdirdi. 2022-ci ilin sentyabr əməliyyatlarında, eləcə də 2023-cü ilin mart ayında Laçın rayonunda keçirilən mühüm hərbi əməliyyatlarda xüsusi tapşırıqları yerinə yetirərkən göstərdiyi şücaətə görə Fəxri Fərmanla təltif edildi.

Amma onun qəhrəmanlıq dastanı hələ bitməmişdi.

Xocalının Dağyurd qəsəbəsində şəhidlik zirvəsi

2023-cü ilin sentyabrında, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları zamanı Etibar yenə ön sıralarda idi. Qızğın döyüşlər gedirdi, Vətən yenidən onu çağırırdı. Etibar bir an belə tərəddüd etmədən irəli atılmışdı. O, 19 sentyabrda – Xocalının Dağyurd qəsəbəsində şəhidlik zirvəsinə ucaldı.

Şəhidimiz 22 sentyabrda doğulub boya-başa çatdığı doğma Qarasu kəndində torpağa tapşırıldı.

Ailəli idi. Nur adlı iki yaşlı qızı şəhidimizdən vətənə əmanət qaldı…

“Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı

Etibar İmamaliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edildi.

Çünki o, Vətəni sadəcə sevmədi – onun üçün yaşadı, onun üçün döyüşdü və onun üçün şəhid oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti