Bişkek. Trend:
Qırğızıstan iqtisadiyyat, ticarət, investisiyalar və maliyyə sahələri üzrə TDT üzv dövlətləri arasında əməkdaşlığın Yol xəritəsinin layihəsini təklif edib.
Trend Qırğızıstan Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Qırğızıstan prezident administrasiyasının rəhbəri, Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin görüşü zamanı bildirib.
O həmçinin vurğulayıb ki, Qırğızıstan TDT çərçivəsində qarşılıqlı ticarətin artırılmasında, iri infrastruktur və investisiya layihələrinin, xüsusilə perspektivli və dinamik inkişaf edən sahələrin dəstəklənməsində maraqlıdır.
Onun sözlərinə görə, Qırğızıstanın TDT-ə üzv dövlətlərlə ticarət dövriyyəsi 2024-cü ildə 2 milyard 427 milyon dollar təşkil edib.
“Biz tez-tez TDT çərçivəsində inteqrasiya və əməkdaşlığın əhəmiyyətindən danışırıq. Doğrudan da, böyük potensialımız var. Lakin hesab edirəm ki, artıq sözdən əmələ keçməyin vaxtı çatıb. Hazırda Təşkilat çərçivəsində təxminən 40 əməkdaşlıq istiqaməti mövcuddur, çoxsaylı iclaslar, görüşlər, forumlar, konfranslar keçirilir. Amma belə görüşlər formal xarakter daşımamalıdır”,- deyə Kasımaliyev bildirib.