Bakı.Trend:
Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər. Amma bu proses haqqında nə qədər məlumatlıyıq?
Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
İlk öncə bilmək istərdik ki, sümük iliyi donoru olmaq nə deməkdir?
- Sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyən
miqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəli
qan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyi
vermək deməkdir.
Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferik
hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır.
Əlbəttə ki, əməliyyat yalnız könüllülük əsasında həyata
keçirilir.
- Doktor, sümük iliyi kimlərə lazımdır?
- Sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır.
Buraya talassemiya, leykoz, aplastik anemiya və digər qan
xəstəliklərini misal göstərmək olar.
Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin öz
kök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradan
zədələnməsi ilə bağlıdır.
Leykoz, limfoma, çoxsaylı miyelom və aplastik anemiya kimi
xəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir.
Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kök
hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyat
qurtaran müalicə üsulu rolunu oynayır.
Donorluq hansı hallarda həyat xilas edə bilər?
- Donorluq yalnız sümük iliyi ilə məhdudlaşmır. Qan, orqan və
toxuma donorluğu da həyat xilas edən müqəddəs bir addımdır.
Qan donorluğu – talassemiya xəstələri, qəza qurbanları, xərçəng
xəstələri və əməliyyat olunanlar üçün həyati əhəmiyyət daşıyır.
Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqan donorluğu orqan
çatışmazlığı olan xəstələr üçün yeganə müalicə üsuludur.
Buynuz qişa, sümük və dəri kimi toxuma donorluğu isə yanıqlardan,
xəsarətlərdən və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların
görmə, hərəkət və digər funksiyalarını bərpa etməyə kömək edir.
- Sümük iliyi donorluğu təhlükəlidirmi?
- Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur. Donorun sağlamlığının qorunması məqsədilə əməliyyatdan əvvəl və sonra xüsusi tibbi müayinələr aparılır.
- Kimlər sümük iliyi donoru ola bilər?
- Donor olmaq üçün şəxsin heç bir ciddi xəstəliyi olmamalı və
yaşı, ölkədən asılı olaraq, əsasən 18–44 və ya 18–60 aralığında
olmalıdır.
Donorun sağlam olması ilə yanaşı, alıcı ilə İnsan Leykosit Antigeni
(HLA, Human Leukocyte Antigens) baxımından uyğunluğu da
mütləqdir.
Uyğunluq olmadığı və ya donorun sağlamlıq vəziyyətində risk yaradan
hallar müşahidə olunduqda, donor olmaq imkansız olur. Bu səbəbdən
hərtərəfli tibbi yoxlanış vacibdir.
- Donor və xəstənin uyğunluğu necə müəyyən olunur?
- Sümük iliyi transplantasiyası üçün əsas meyar İnsan Leykosit
Antigenlərinin (HLA) uyğunluğudur.
Qan qrupunun (A, B, AB, O) uyğunluğu vacib sayılmır. HLA
uyğunsuzluğu xəstənin orqanizmində immun reaksiyalara və
hüceyrələrin rədd olunmasına səbəb ola bilər.
Bundan başqa, xəstənin qanında donor hüceyrələrinə qarşı əvvəlcədən
mövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün
çarpaz uyğunluq testi də aparılır.