Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Həsənqala kəndində səyyar qəbul təşkil olunub.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, görüş iştirakçıları əvvəlcə şəhidlər abidəsini ziyarət edərək üzərinə gül dəstələri qoyub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Həsənqala, Qusarçay, Ağaverdioba və Balaqusarqışlaq kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatı, su təchizatı və məktəb binasının təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll olunub.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.