Bakı. Trend:
Əvvəllər “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı beynəlxalq esse müsabiqəsi keçirilirdi. Bakı ilə yanaşı digər respublikaların şəhər və rayonlarından müsabiqədə iştirak edən gənclər Azərbaycan haqqında inşa yazırdılar və qaliblər Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına ölkəyə gətirilirdi.
Trend xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bununla da bir növ dünyanın bir çox şəhərlərində gənc lobbiçilər yaradılırdı.
“Son illərdə, deyəsən, bu müsabiqə keçirilmir. Məsələni Gənclər və İdman Nazirliyi ilə danışa bilərik.
Bu gün Azərbaycanın uğurlarını görüb sevinənlərlə yanaşı, təbii ki, sevinməyənlər də var. Bu diplomatik savaş müasir dövrdə daha sürətlə gedir. Ona görə də biz beynəlxalq arenada, digər dövlətlərdə dostlarımızın sayını artırmalıyıq. Bu mənada gənclər çox vacib tərəfdirlər.
Bu yaxşı bir format idi. Bununla bağlı nazirliklə danışaraq hansı dəstəyi verə biləcəyimizi müəyyənləşdirə və gələcək iş planımızda qeyd edə bilərik”, - deyə V.İskəndərov qeyd edib.