...

İlin sonunadək Hadrut qəsəbəsinə 79 ailənin köçürülməsi nəzərdə tutulub

Cəmiyyət Materials 18 Sentyabr 2025 16:26 (UTC +04:00)
İlin sonunadək Hadrut qəsəbəsinə 79 ailənin köçürülməsi nəzərdə tutulub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

İlin sonunadək Hadrut qəsəbəsinə 79 ailənin, Qırmızı Bazar qəsəbəsinə 117 ailənin, Sos kəndinə isə 85 ailənin köçürülməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa quruculuq işləri sürətlə davam edir:

"Bu yaxınlarda Prezident İlham Əliyevin Xocavənd və Füzuli rayonlarına növbəti səfəri baş tutmuşdur. Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməli qoyulub. Xocavənd rayonunda artıq ilk əhali qrupunun köçürülməsinə başlanılıb. Hadrut və Qırmızı Bazar qəsəbələrində 10, Sos kəndində isə 10 ailə ilk bərpa olunmuş yaşayışla təmin edilib. Ümumilikdə ilin sonunadək Hadrut qəsəbəsinə 79, Qırmızı Bazar qəsəbəsinə 117, Sos kəndinə isə 85 ailənin köçürülməsi nəzərdə tutulub. Bu kənd və qəsəbələrdən başqa, Xocavənd şəhəri və ətraf kəndlərində ümumilikdə 1552 ailənin köçü planlaşdırılır. Sözsüz ki, köç prosesi gələn il də davam etdiriləcək və rəqəmin artma ehtimalı böyükdür".

"Paralel olaraq, Ağdam və Füzuli rayonlarında da qayıdış proqramı çərçivəsində nəzərdə tutulmuş layihələrin icrası qrafikə uyğun davam etdirilir. Ağdam şəhərinə bu ilin payız aylarında, yəni oktyabr, noyabr və dekabrda ilk köçün reallaşacağı gözlənilir. İkinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda dördüncü və beşinci yaşayış komplekslərinin tikintisinə başlanılıb və tam sürətlə davam edir. Sentyabr və oktyabr aylarında üçüncü yaşayış kompleksinin tikintisinə başlanacaq və ilin sonuna doğru birinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Füzuli şəhərində isə ikinci yaşayış kompleksinin şaquli planlama işlərinə bu ay başlanması, ilin sonuna qədər isə tikinti layihəsinin həyata keçirilməsinə start verilməsi planlaşdırılır. Gələn il üçüncü yaşayış kompleksinin tikintisinə başlanması nəzərdə tutulur.

Kəndlərə gəldikdə, Ağdamda üç kənd artıq təhvil verilib və keçmiş məcburi köçkünlər burada yaşamağa başlayıblar. Bu kəndlər Xıdırlı, Kəngərli və Sarıcalı kəndləridir. Sentyabr ayında digər iki kəndin tikintisinə başlanacaq. Hal-hazırda Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisinə start verilir. Baş Qərvənd kəndi Slovakiyadan olan mütəxəssislərin birbaşa nəzarəti altında inşa olunacaq və hər iki kəndin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.

Füzuli rayonunda Dövlətyarlı kəndinin tikintisinə başlanıb. Sentyabr ayında Yal Pirəhmədli kəndinin tikintisinə start veriləcək. Bu ilin sonuna qədər isə Qaraxanbəyli kəndinin tikintisinə başlanması planlaşdırılır. Beləliklə, Füzulidə 3, Ağdamda isə 5 kənd 2026-cı ilin sonuna tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə veriləcək", - E. Hüseynov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti